Dünən "Neftçi” və "Qarabağ” Avroliqanın qrup mərhələsinə vəsiqə üçün oyunlar keçirdi. "Qarabağ” qrupa düşdü, "Neftçi” isə bacarmadı. Bakılılar Serbiya təmsilçisi "Partizan”la, ağdamlılar isə Hollandiya "Tvente”si ilə qarşılaşdı. Əvvəlcə bu klubların ölkələrinin avrokuboklarda iştirakında son beş ildə topladıqları əmsallara əsasən tutduqları yerə baxaq.
Son nəticələrə əsasən, UEFA reytinqində Hollandiya 9-cu, Serbiya 27-ci yerdədir. Deməli, "Tvente”ni "Partizan”dan zəif rəqib saymaq, "Qarabağ”ın rəqibinin "Neftçi”nin rəqibindən zəif olmasını söyləmək olmaz. "Qarabağ”ın da "Neftçi” ilə təxminən eyni gücdə olması onu deməyə əsas verir ki, dünən gücü eyni olan iki təmsilçimiz eyni güclü rəqiblərlə qarşılaşdı. Belə olan halda, təbii ki, məşqçi biliyi önə çıxır və hansı taktika, hansı psixologiya yüksəkdirsə, o da qalib gəlir. Dünənki nəticələrdən sonra bütün bunları müəyyənləşdirmək artıq çətin deyil. Yenidən bu barədə müzakirə açmağa ehtiyac yoxdur. Görünən şəhərə nə bələdçi? İrəli baxmaq lazımdır. İrəlidə isə Avroliqanın qrupu var və burda təmsilçimiz kimi yalnız "Qarabağ” görünür. Ona görə də düşünürəm ki, "Qarabağ”ın oyununu təhlil etmək gərəkli olar.
Qalibi mühakimə etmirlər. Amma heyətdəki bir razılaşmadığım məqamı qeyd etmək istəyirəm. Düzü, ağdamlıların ilk "11-liy"inə baxdıqda, bəzi məqamlar təəccübümə və narazılığıma səbəb oldu. Ən çox start heyətində Admir Telinin oynamaması ilə barışmırdım. Təbii ki, Danilo Diasın ehtiyatda qalması, əvəzində Vüqar Nadirovun start heyətində meydana buraxılması da təəccübümə səbəb oldu. Amma ən çox Admir Telinin ehtiyatda qalması məni üzürdü, çünki "Qarabağ”a qol buraxmamaq, bununla da rəqibi əsəbiləşdirmək və onları daha çox oyunçu ilə gəlməyə məcbur etmək, bundan sonra əks-hücumda lazım olan qolu və ya qolları vurmaq lazım idi. Bunun üçün müdafiə güclü olmalı, müdafiənin güclü olması üçün isə bu zonada təcrübəli qala-qala gəncə şans vermək düzgün deyil deyə düşünürdüm. Yenə də fikrimdə qalıram – müdafiənin mərkəzində Rəşad – Teli tandemi Rəşad - Bədavi tandemindən güclüdür.
Əvvala, ona görə ki, bir müdafiəçi üçün ən əsas şərtlərdən biri təcrübədir. Bundan başqa, Teli və Rəşad uzun müddət müdafiənin mərkəzində birlikdə oynayıb və bir-birilərini gözüyumulu başa düşürlər. Daha sonra, bu futbolçular mərkəzdə yan-yana oynadıqda Rəşad solda, Admir sağda oynayır. Amma Bədavi ilə oynayanda Rəşadı biz müdafiənin mərkəzinin sağında gördük. Bu, çox güman ki, Bədavinin Telinin mövqeyində oynamaqda çətinlik çəkməsi ilə əlaqədardır. Rəşad yığmada da müdafiənin mərkəzinin solunda oynayır və buna artıq vərdiş alıb. Nə qədər olmasa da, yerini dəyişmək təsirsiz ötüşməz.
Bəs hansı səbəbə görə Qurbanov daim Rəşadla yan-yana oynayan Telini ehtiyatda saxlayıb, Bədavini oynadır? Bunun müxtəlif səbəbləri ola bilər. Əvvəla, biz komandanın içində deyilik, ona görə də ehtimal əsasında danışırıq. Səbəblərdən biri yüngül zədə ola bilər. Digər səbəb çempionatdakı legioner limiti ola bilər. Qurbanov bunu əsas götürüb indidən Rəşadla Bədavini birlikdə oynadır ki, çempionatda da bir birilərin başa düşsünlər. Amma Avroliqa yoldaşlıq oyunu deyil ki eksperiment aparılsın?
Avroliqa ən əhəmiyyətli, hətta daxili çempionatdan da əhəmiyyətli oyundur. Ona görə də bu strategiya inandırıcı görünmür. Daha bir səbəb yığmaya görə bu addımın atılması ola bilər. Lakin bu, alturistlikdir, Qurbanov isə kifayət qədər peşəkar, həm də praqmatıkdir və onun klubun maraqlarından kənar marağa işləməsi real görünmür. Bəlkə şəxsi simpatiya? Xeyr, Qurbanovun hansısa şəxsi səbəbə görə futbolçunu oynatmasına inanmıram. Belə olsaydı, Qurbanlı "Qarabağ” heç vaxt uğur qazana bilməzdi. Çünki futbolçunu hər hansı şəxsi amil güdmədən yalnız bacarığına görə seçmək həm də mənəvi keyfiyyətdir. Mənəvi keyfiyyətləri olmayan insan heç vaxt güclü məşqçi ola bilməz. Futbolçunu irqinə, dininə, millətinə görə ayırmaq mənəvi keyfiyyət sayıla bilməz.
Mən burada ən real səbəb kimi məşqçi heyətinin hansısa əlamətə görə Bədavini Telidən daha güclü saymasını görürəm. Konkret, Bədavi Telidən sürətli və cəlddir. "Tvente”nin də sürətli futbol oynadığını nəzərə alsaq, onların qarşısın alınmasında Hüseynovun cəldliyinin əhəmiyyətini göstərmək olar. Düzdür, o, cəlddir, amma Rəşad da cəlddir. İki mərkəz müdafiəçisindən birinin cəld olması kifayət edir. Dünyada kifayət qədər ləng güclü müdafiəçilər var. Vaxtilə İngiltərə "Arsenal”ında çıxış edən və dünyanın ən yaxşı müdafiəçilərindən sayılan Toni Adams ləng müdafiəçi idi. Bundan başqa İspaniya yığması və "Barselona”nın müdafiəçisi Pikeni, Almaniyalı dünya çempionu Mertezakeri də misal göstərə bilərik.
"Zalsburq”la Bakıdakı oyunda buraxılan qol Bədavinin təcrübəsizlikdən etdiyi səhvin nəticəsi idi. Bədavi dünənki oyunda yaxşı oynasa da, səhvləri oldu. Konkret, qapımızdan keçən qolda səhv etdi. Əvvəlcə topu başla rəqibə atdı, sonra da topu qapıya vuran hücumçu ilə bacarmadı. Amma nə Rəşad, nə də Teli belə səhv buraxmazdı. Təsadüfi deyil ki, Admir Teli meydana çıxandan sonra "Tvente” bir dənə də olsun qol imkanı yarada bilmədi. Nəinki yarada, heç qapıya yaxınlaşa bilmədi. Düzdür həmin vaxt "Qarabağ” beş müdafiəçi ilə müdafiə olunurdu, amma həmin müdafiəçilərdən biri də Teli idi. Mən bununla Bədavinin zəif müdafiəçi olduğunu demək istəmirəm. O kifayət qədər perspektivlidir, lakin təcrübəsi azdır.
Niyə bunları yazdım? Çünki qarşıda, Avroliqanın qrupunda daha çətin oyunlar gəlir. Nəzərə almalıyıq ki, "Qarabağ" özündən güclü rəqiblərlə matçlarda ilk növbədə, etibarlı müdafiəni düşünməli olacaq. Digər tərəfdən, "İştah diş altındadır” deyirlər. Mən də istərdim ki, komandamız daha irəli getsin. Bunun üçün isə "Qarabağ”ın oyunlara maksimum güclə çıxmasını arzulayıram. Yazdıqlarım da bunun üçün idi. Təbii ki, komandanın daxilində olmadığımdan, vəziyyəti kənardan gördüyüm kimi izah etdim. Yəqin ki, daha düzgününü komandanın içindəkilər bilir.
Uğurlar QARABAĞ!!!
RAQİB