"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Neftçi"yə əlavə vaxtda 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/8 final oyunundan sonra mətbuat konfransı keçirib. Sportnet.az xəbər verir ki, 43 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bölüşüb:
- Püşkdən sonra bu mərhələdə ən maraqla gözlənilən oyun idi. Hamı bu görüşü maraqla gözləyirdi. Düşünürəm ki, hər iki komanda gözləntilərin haqqını verdi. Maraqlı, mübarizəli oyun getdi. Hər iki komanda qələbə qazanmağa, sürətli oynamağa, yaxşı müdafiə olunmağa, topa nəzarət, pressinq və hücum etməyə çalışırdı. Şəxsən özüm meydaçanın kənarında oyundan həzz alırdım. Çox yaxşı komplektləşmiş, heyətində çox güclü futbolçuları olan komandaya qarşı oynayırdıq. Buna baxmayaraq, futbolçularımız inamlı mübarizə apardılar. 75-80 dəqiqə ərzində bərabər səviyyədə oyun gedirdisə, ondan sonra üstünlük bizdə idi, daha çox hücum edən tərəf biz idik. Maksimum çalışırdıq ki, oyun penaltilərə getməsin. Həm rəqibin heyətində usta oyunçular, həm də təcrübəli qapıçı var idi. Sevinirik ki, əlavə vaxtda - sona 4 dəqiqə qalmış çox önəmli qol vuraraq, vacib qələbə qazandıq. Rəhbərliyi, azarkeşləri, futbolçularımızı təbrik edirəm. Düşünürəm ki, bu gün bir ailə olaraq mühüm qələbə qazandıq".
- İssa Cibrillanı niyə əvəzlədiniz?
- Əvvəlcədən plan var idi ki, hücumda İssa başlasın, sonra Junior oyunu gücləndirsin. Çünki Junior "Kəpəz"ə qarşı süni örtükdə əvvəldən axıradək çox yaxşı mübarizə aparmışdı. Digərlərindən fərqli olaraq, onu dəyişə bilməmişdik. Oyuna əvvəlcədən başlasaydı, 55-60-cı dəqiqədə fiziki cəhətdən eniş yaşayacaqdı və belə bir oyunçunu itirmiş olacaqdıq. Özü ilə bu barədə danışmışdıq. Demişdik ki, meydana ikinci hissədə daxil olaraq, oyunu gücləndirəcəksən. İssanı dəyişməyə ürəyim gəlmirdi. Amma digər tərəfdən sağlıq durumu sarıdan qorxurduq. Çünki uzun müddət zədəli olub. Oyun üslubunu nəzərə alsaq, driblinqlər, sprintlər sarıdan da təhlükəli idi. Orada mən futbolçunun sağlamlığını düşündüm. Orada Junioru başqa mövqedə qoya, İssa ilə davam edə bilərdik. Amma düşünürəm ki, İssanın sağlamlığı daha önəmli idi. Belə bir addım atdıq və effektli oldu.
- Junior Martins qol vurduqdan sonra rəqib azarkeşləri qıcıqlandırdı. Bu, Rəşad Sadıqovun futbolçusuna yaraşan hərəkət idimi?
- Görmədim. Edibsə, səhvə yol verib. Nə komandamıza, nə mənə, nə də özünə yaraşan hərəkətdir. Xüsusən elə bir məqamda rəqib qapısına qol vuraraq, azarkeşləri və ya rəqib futbolçuları qıcıqlandırmaq yanlış addımdır. doğru deyil. Mütləq bu barədə tədbir görəcəyəm.



































































