
İndi yəqin ki, çoxları Berti Foqtsu yıxıb-sürüyür. Mən də düşünürəm ki, komanda məğlub olubsa (həm də böyük hesabla) baş məşqçi də günahkardır. Amma Foqtsu həmkarlarımızın necə lazımdırsa tənqid edəcəklərinə əmin olduğumdan, mən oyunun başqa məqamlarına da diqqət yetirəcəyəm.
Yorğunluq. Bu boyda böyük hesablı məğlubiyyətə başqa izah tapmaq olmur. "Torba” və ya bukmeyker söhbəti yoxdursa. Babal-günah yumaq olmaz. Oyunun gedişi zamanı bir neçə futbolçunun üzünü yaxından göstərdilər: çox əzablı ifadə var idi üzlərində. Qəsdən uduzan komandanın oyunçusunun üzündə sakit ifadə olur, yaxud həyasızlıq yağır.
Adətən Foqts yaxın günlərdə olan oyunlarda rotasiya prinsipindən istifadə edərək heyətin təxminən yarısını dəyişirdi. Lakin bu dəfə demək olar ki, İtaliya ilə oyundakı heyəti buraxdı. Buna səbəb kimi Vaqif Cavadovla Mahir Şükürovun olmamasını və üstəgəl Foqtsun, yəqin ki, mətbuatın təzyiqindən ehtiyat edərək bir çox legionerə şans verməməsini göstərmək olar. Bu oyunçuları çixandan sonra yerdə bir neşə təcrübəsiz gənc qalırdı ki, onlarla da Xorvatiyanın qabağına çıxmaq olmazdı.
Üstəlik Ağaba Ramazanovun zədələnməsi də bir tərəfdən işləri korladı. Yeri gəlmişkən, Qara Qarayev zədələnməmişdisə, onun əvəzlənməsini Foqtsun səhvi saymaq olar. Foqts başa düşməliydi ki, Luka Modriç, İvan Rakitiç kimi nəhəng klubların oyunçusuna qarşı mübarizə aparan Qarayev təbii ki, zəif görünməlidir. Həm də nəzərə almalıydı ki, Qara komanda yoldaşlarına nisbətən gəncdir. Gənc futbolçunun isə yorğunluğunun bərpası prosesi daha tez baş verir. Deməli, o İtaliya ilə oyundan sonra komanda yoldaşlarına nisbətən daha tez, həm də çox bərpa olmuşdu. Təkrar yazıram ki, Qaranın əvəzlənməsi haqqında tənqidim o halda qüvvədədir ki, bu əvəzlənmənin səbəbi zədə amili olmasın.
Hərçənd, Foqtsun dayaq müdafiəçisini çixarıb yerinə sprinter Ağabala Ramazanovu salmaqla qol vurmaq niyyəti olduğu qənaətinə də gəlmək mümkündür. Lakin baş məşqçinin düşüncəsinin reallığa çevrilib-çevrilməyəcəyini biz öyrənə bilmədik. Çünki Ağabala zədələndi və əvəzləndi.
Bəs niyə Xorvatiya 62-ci dəqiqədən sonra qol vura bilmədi? Azərbaycan yığması həmin anlar psixoloji cəhətdən sarsılmış, 6:0-dan ruhlanmış Xorvatlar isə əksinə, əla vəziyyətdə idilər. Məntiqlə qolların davamı gəlməli idi. Futbolda bəzən izaholunmaz, məntiqsiz hadisələr baş verir. Yadımdadır, yəqin ki, siz də xatırlayırsınız: ötən tsikldə Portuqaliya evində Azərbaycana qarşı 62-ci dəqiqəyədək qol vura bilməmişdi. Dünən Xorvatiyanın həmin vaxtadək vurduğu qollar və yaratdığı qol epizodlarından 3 dəfə çox moment yaratmışdılar. Lakin həmin vaxt 62-ci dəqiqədə Portuqaliyada hesab 0:0 idi, dünən isə 6:0. Həmin dəqiqədən sonrakı vaxtda Portuqaliyada hesab 3:0 olmuşdu, dünən isə qol vurulmadı.
Maraqlıdır... Qeyd etdiyim kimi hərdən futbol oyunu hər hansı məntiqə sığmır, onu analizlə, təhlillə çözmək olmur. Məhz elə buna görə futbol sevılir, futbolu sevirlər. Bizdə də futbolu sevənlər çoxdur. Futbolumuzu da sevənlər yetərincədir. Amma bizim futbolumuzu sevənlər sevinmirlər.
Dünən də belə oldu...
RAQİB