“Neftçi”nin kapitanı Emin Mahmudov Azərbaycan Premyer Liqasının XXXII turunda “Sabah”ı səfərdə 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra Sportnet.az-a müsahibə verib.
- Oyun barədə hansı fikirdəsiniz?
- Matça pis başladıq. “Sabah” çox rahat əks-hücumlara çıxırdı. Yaxşı ki, sonradan gedişatı dəyişə bildik. Çıxışımız tam istədiyimiz kimi alınmasa da, nəticəyə oynadıq və istəyimizə çatdıq. Bu, bizim üçün çox vacib idi. Mövsümə pis başlamışdıq, amma sonda nəticə qazana bildik.
- Komandanız iki illik fasilədən sonra Konfrans Liqasına vəsiqə qazandı. Bununla bağlı nə deyə bilərsiniz?
- Son iki ildə avrokuboklara vəsiqə qazana bilməmişdik və bu, bizim üçün çox ağır olmuşdu. Bu il isə daha yaxşı olmaq üçün çalışırdıq. Mövsümün ortalarında rəqiblərdən xeyli geri qalırdıq, amma sonradan fərqi bağlaya bildik. Uşaqlar çox mübarizə apardılar, böyük əziyyət çəkdilər. Baş məşqçimizə də təşəkkür edirəm. O da komandaya çox əmək sərf etdi. Yaxşı ki, sonda nəticə qazandıq. Azarkeşlərimizə də minnətdaram. Pis günlərimizdə də yanımızda oldular. Bu çətin mövsümdə bizi sona qədər dəstəklədilər və sonda birlikdə yaxşı nəticə əldə etdik.
- Zədəniz necədir?
- Ciddi problem yoxdur. Sadəcə baş-başa toqquşma oldu.
Haşım MƏMMƏDOV







































































