"Qarabağ” "İnter”lə oyunda uduzmadı, əksinə, biz udduq. Bəlkə də "Qarabağ" növbəti mərhələdə ilişib qalacaqdı, bəlkə də Avropa Liqasını qazanardı. Bunu bilmək olmazdı nə olacaqdı. Sağ olsun, Miroslav Zelinka! "Qarabağ”ı üçün ürəklərdə yer ayırdı. Artıq bütün Azərbaycan "Qarabağ” azarkeşidir.
21 il gözlədik
"Qarabağ” sonuncu dəfə 1993-cü ildə Azərbaycan çempionu olmuşdu. Düz 21 ildən sonra Qurban Qurbanovun rəhbərliyi ilə yenidən Azərbaycan çempionu oldular. Bununla da Avropaya yol açıldı. Düzdü, iki il əvvəl "Neftçi” də Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı, unutmamışıq. Ancaq "Qarabağ” öz adı ilə qəlblərə hakim kəsildi. Hər kəs - kiçikdən-böyüyə "Qarabağ” azarkeşi oldu.
Etiraf edək ki, Azərbaycan insanı milli komandaya o qədər də maraq göstərmir. Pul var, şərait var, hər şey var, hətta əcnəbi baş məşqçi də var. Lakin, qələbə çatışmır. Bunun səbəbini hələ ki, heç kim çözə bilmir. Belə getsə, isveçrəli alimlərə müraciət etməli olacağıq. Məncə, səbəb millidə Vüqar Nadirovun olmamasıdı. Ya da Qurban Qurbanov kimi "hoca”ya ehtiyac var.
Beləliklə, bütün səbəbləri analiz edərək deyə bilərik ki, hazırda "Qarabağ”ın azarkeşi milli komandamızdan çoxdur. "Qarabağ” bir növ milli komanda mövqeyində çıxış edir. Nə olsun ki, Şehiç bosniyalı, Almeyda braziliyalıdı. Onlar yığmadakılardan daha çox can qoyurlar çalışdıqları komanda üçün. Almeydanın son dəqiqəyədək çarpışmasının hamımız şahidi olduq. Bütün Avropa!
"Gözəl başkan"
Azərbaycan klublarının heç birinin rəhbəri Tahir Gözəl qədər öz komandasını sevmir. Ola bilər ki, mübaliğəyə vardım. Tahir bəy oyundan əvvəlki gün Tofiq Bəhramov adına stadiona gələndə mən də jurnalistlərin arasındaydım. Həqiqətən, ürəkdən "Qarabağ”ı sevməsi hər sözündən bilinirdi. "İnter”lə oyundan sonra da, "Qarabağ”ın hüquqlarını qorumaq üçün əlindən gələni edəcəyini bildirməsi onun hörmətini azarkeşlərin gözündə birə beş artırdı.
Təşəkkürlər, ... Zelinka!
"Qarabağ” – "İnter” oyunun baş hakimi Çexiyadan Miroslav Zelinka idi. Bu insan "Qarabağ”ın qolunu saymamaqla komandanı növbəti mərhələyə buraxmadı. Hər cür versiyalar demək olar. Bəziləri Ukraynanın "Dnepr” klubunu növbəti mərhələyə keçirmək üçün "Qarabağ”a qarşı ədalətsizlik etdiyini deyir. Səbəbləri isə budur ki, ukraynlar da, çexlər də slavyandı. Rusiya mətbuatından isə başqa bir maraqlı versiya irəli sürülür. Guya, UEFA sırf Ukrayna klubunu qrupdan çıxarmaq üçün hakimə "Qarabağ”ın yolunu kəsməyi tapşırıbmış. Hər halda, olan oldu, keçən keçdi. "Qarabağ”ın şikayəti təmin olunub-olunmayacağını nəzərə almadan, bu hakimi bütün dünyada səhv qərarına görə "məşhur" etməliyik. Qoy bu səhvi ömür boyu yadından çıxmasın.
Təşəkkürlər, "Qarabağ"!
Bizə bu sevincli həyəcanı yaşatdığına görə, başda Qurban Qurban olmaqla, bütün "Qarabağ” futbolçularına təşəkkürlər! Başda qeyd etdiyim kimi, Zelinkaya da sağ ol düşür. Çox sağ olsun ki, "Qarabağ”ı əfsanəyə çevirdi. Artıq "Qarabağ” könülləri fəth etdi. Azərbaycan futbol tarixinə adını qızıl hərflərlə yazdı.
Məcid HƏSƏNLİ