WADA (Ümumdünya Antidopinq Agentliyi) antidopinq qaydalarını pozmaqda ittiham olunan rusiyalı idmançıların sayı barədə informasiya dərc edib.
Sportnet.az xəbər verir ki, qurumun yaydığı hesabatda 45 belə idmançının 4 növü təmsil etdiyi açıqlanıb. Onlardan 41-i ağırlıqqaldıran, 2-si taekvondoçu, hərəyə 1-i güləşçi və kanoçidir.
Bundan başqa, WADA Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasını Rusiyadan olan 66 idmançının işi ilə bağlı məlumatlandırıb. Daha 2 hal isə biatlonçulara aiddir.
Qeyd edək ki, dekabrın 9-da Rusiyanın beynəlxalq yarışlardan 4 il müddətinə kənarlaşdırıldığı bəyan olunub. Səbəb kimi Moskva Antidopinq Laboratoriyasının məlumatları saxtalaşdırması göstərilib. Cəza 2020-ci il Tokio Yay Olimpiya Oyunları və 2022-ci il futbol üzrə dünya çempionatına da şamil edilir.