Azərbaycanda ilk dəfə 3x3 basketbol üzrə Dünya Kubokunun seçmə mərhələ oyunları keçiriləcək.

 

Azərbaycan Basketbol Federasiyasından Sportnet.az-a verilən məlumata görə, Bakıda Azərbaycanın həm kişi, həm də qadın milliləri əsas mərhələyə vəsiqə uğrunda mübarizə aparacaqlar.

 

Kişilərdən ibraət komanda B qrupunda Kanada və Böyük Britaniya yığmalarına, qadınlar isə B qrupunda Latviya və Misir komandalarına qarşı yarışacaq.

 

Kişilərin yarışlarında A qrupunda Monteneqro, Ruanda və İran, qadınların yarışlarında isə A qrupunda Çili, Çin Taypeyi və Braziliya milliləri qruplardan çıxmağa çalışacaqlar.

 

Azərbaycanın kişilərdən ibarət millisi ilk oyununu mayın 24-də Kanadaya qarşı, qadınlar Misirə qarşı keçirəcək.

 

Qeyd edək ki, "Sea Breeze" istirahət mərkəzində baş tutacaq kişi və qadın kateqoriyalarında reqlamentə əsasən seçmə mərhələ qruplarını ilk iki yerdə tamamlamış komandalar yarımfinala vəsiqə qazanacaqlar.

Yarımfinal cütlərinin qalibləri və yarımfinal cütlərində məğlub olan komandalar arasında keçiriləcək oyunun qalibi Dünya Kubokunun əsas mərhələsində iştirak hüququ qazanacaq. Dünya Kubokunun oyunları 23-29 iyunda Monqolustanın paytaxtı Ulan-Batorda baş tutacaq.