
Azərbaycan Basketbol Federasiyasının (ABF) son mövsümün hesabatı və yeni mövsümün açılışı ilə bağlı tədbiri baş tutub
Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/2026 mövsümünün başlanması və ötən mövsümün hesabatına həsr olunmuş tədbiri keçirilib.
Sportnet.az xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev, federasiyanın rəyasət heyətinin üzvləri, əməkdaşları, klub rəhbərləri, məşqçilər, basketbolçular və media nümayəndələri iştirak ediblər.
Ç.Hüseynzadə ölkədə basketbolun inkişaf istiqamətləri və bu sahədə atılan addımlardan bəhs edib. O, Azərbaycan basketbolunun milli və klub səviyyəsində beynəlxalq müstəvidə böyüyən uğurlarından da söz açıb.
Daha sonra federasiyanın marketinq meneceri Famil Məcidov son mövsümün hesabatını təqdim edib. O, federasiyanın ötən mövsümdə həyata keçirdiyi layihələr, beynəlxalq turnirlərdə qazanılan uğurlar və yaxın gələcəkdə planlaşdırılan yeniliklər barədə ətraflı məlumat verib.
ABF prezidenti Emin Əmrullayev çıxışında federasiyanın fəaliyyət prinsiplərinə toxunaraq bildirib ki, əsas hədəf həm milli komandaların, həm də daxili liqanın daha da peşəkarlaşdırılmasıdır: “Basketbolun ölkəmizdə kütləviləşməsi, gənc idmançıların beynəlxalq səviyyədə yetişməsi və klubların dayanıqlı inkişafı bizim üçün prioritetdir. Qarşıdakı mövsümdə daha genişmiqyaslı tədbirlər, yarışlar və əməkdaşlıqlar həyata keçiriləcək".
Tədbirin sonunda E.Əmrullayev federasiyanın rəsmi tərəfdaşlarına xüsusi hədiyyələr təqdim edib.
Ardınca media nümayəndələri üçün brifinq təşkil olunub. Jurnalistlərin suallarını cavablandıran ABF rəhbəri yeni mövsümün basketbol ictimaiyyəti üçün daha məhsuldar və maraqlı olacağına inandığını bildirib.
Qeyd edək ki, Azərbaycanda yeni basketbol mövsümü sentyabrın 26-da start götürəcək.