
Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışının növbəti mərhələsi üçün Rusiyaya yollanıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Covanni Kapraranın baş məşqçi olduğu yığma Bolqarıstan toplanışında iki dəfə yerli komanda ilə yoxlama oyunu keçirib. Bunların birincisində 1:3 (23-25, 19-25, 25-21, 25-27) hesabı ilə uduzan Azərbaycan millisi növbətisində eyni hesabla qalib gəlib - 3:1 (25-23, 25-14, 17-25, 25-21).
Rusiyada da yerli yığma ilə bir neçə yoxlama oyunu keçirəcək komanda daha sonra Türkiyəyə yollanacaq.
Qeyd edək ki, toplanış 1 - 3 avqustda Braziliyada keçiriləcək 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirə hazırlıq xarakteri daşıyır. Azərbaycan millisi D qrupunda təşkilatçı ölkə ilə yanaşı, Kamerun və Dominikan Respublikası ilə birgə yer alıb. Komanda Braziliyaya iyulun 24-də Türkiyədən yollanacaq.