Azərbaycan Voleybol Federasiyasının (AVF) I vitse-prezidenti Faiq Qarayevin ölkədə idmanın inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi ilə bağlı tədbir keçirilib.
Sportnet.az-ın məlumatına görə, mərasimdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri, AVF-nin prezidenti, millət vəkili Cavid Qurbanov 60 yaşlı mütəxəssisi təbrik edərək, onun karyerasından söz açıb. C.Qurbanov bildirib ki, F.Qarayevin həyatı voleybolla bağlıdır, ömrünün böyük hissəsini bu sahəyə həsr edib: "Faiq müəllim məşqçi olmağı hər şeydən üstün tutub, müxtəlif yerlərdə, Rusiya və Türkiyədə işləyib. Daha sonra cənab Prezidentin dəvəti ilə Azərbaycana gəlib və ölkəmizdə bir sıra uğurlara imza atıb. Bir çox tanınmış idmançılarımız onun rəhbərliyi altında yetişiblər. Faiq Qarayev bütün dünyada tanınıb. Onun böyük məşqçi olduğunu hər yerdə qəbul edirlər. Faiq müəllimlə 15 ildir dostuq, bu sahəyə gəlməyimin səbəbkarı elə odur. Cənab Prezident tərəfindən "Tərəqqi" və "Şöhrət" ordenlərinə layiq görülüb, "Əməkdar məşqçi"dir. İndi isə "Əmək" oreni ilə təltif edilib. Cənab Prezident şəxsən telefon açıb, onu təbrik edib. Ona can sağlığı, uğurlar arzulayıram".
Daha sonra Prezidentin sərəncamı oxunub və C.Qarayev "Əmək" ordenini F.Qarayevə təqdim edib.
Ardınca çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də F.Qarayev barəsində xoş sözlər söyləyib: "Mənim üçün xüsusi bir bayramdır. Faiq Qarayev bütün ömrünü voleybola sərf edib və Azərbaycanın ən öndə gələn idman xadimlərindən biridir. Onunla eyni gündə "Şöhrət" ordeni ilə təltif olunmuşuq. Nailiyyətlərini bütün dünyada bilir, tanıyırlar. Faiq müəllimi təbrik edirəm".
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov F.Qarayevi nazir Azad Rəhimovun adından təbrik edib və onun karyerasından, uğurlarından söhbət açıb, ölkə idmanında böyük xidmətlərinin olduğunu vurğulayıb.
Çıxış edən digər natiqlər də F.Qarayevin Azərbaycan idmanında, voleyboldakı xidmətlərindən söhbət açaraq, onu təbrik ediblər. (Report)