Sportnet.az Azərbaycan millisinin və "Sabah" klubunun basketbolçusu Beray Taşerin müsahibəsini təqdim edir:
- Əvvəlcə "Sabah"a keçidinizdən başlayaq. Bu komandaya transferiniz necə baş tutdu?
- Hər şey bir anda oldu. "Kocaeli BB Kağıtspor"da heyətə düşə bilmədiyim üçün komandamı dəyişmək qərarına gəldim. Daha sonra "Sabah" variantı üzə çıxdı. Danışıb razılaşdıqdan sonra buraya gəldim.
- "Sabah"a keçməkdə əsas hədəfiniz nədir?
- Buranı özüm üçün tramplin hesab edirəm. Məhz bu səbəbdən hazırda "Sabah"dayam. Amma sonunda necə olacaq, onu bilmirəm. Hər şey şansdan asılıdır.
- Azərbaycan Basketbol Liqasının səviyyəsi haqqında nə düşünürsünüz?
- Yalnız müsbət fikirlər söyləyə bilərəm. Hazırkı mənzərə məni qane edir. Fasilədən sonra ilk mövsüm olduğunu nəzərə alsaq, hər şey yaxşıdır. Zaman keçdikcə səviyyənin daha da artacağını düşünürəm.
- Azərbaycan və Türkiyə basketbolunu necə müqayisə edərdiniz? Fərq çox böyükdür?
- Əlbəttə, səviyyə fərqi var. Amma təşkilatçılıq yaxşı olsa və federasiyadan daim dəstək gəlsə, vaxt ötdükcə keyfiyyət artacaq.
- Hər basketbolçunun arzusu NBA-da oynamaqdır. Sizin də belə bir istəyiniz varmı?
- Hədəfim karyeramı Avropada davam etdirməkdir. Çoxlarından fərqli, mən NBA-da özümə yer tapacağımı düşünmürəm.
- Basketbolda kumiriniz kimdir?
- Kanadalı Kevin Panqosu qeyd edərdim. Onun oyununu sevə-sevə izləyirəm.
- Azərbaycan milli komandasına nə vaxtdan çağırılırsınız?
- 15 yaşımdan Azərbaycan yığmasında çıxış edirəm.
- Niyə Türkiyə yox, Azərbaycan millisi?
- Türkiyə yığmasına düşmək çətindir. Azərbaycan isə qardaş ölkədir. Ona görə də buranı seçməmək üçün heç bir səbəb görmədim. (Report)