
“Gürcüstan millisi çox yaxşı komandadır. Lakin bugünkü matçda bizdən geri qaldılar”.
Sportnet.az xəbər verir ki, bu sözləri basketbol üzrə 16 yaşadək qızlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Evrən Alkaya Avropa çempionatının C divizionunun A qrupunun II turunda Gürcüstanı 97:40 hesabı ilə məğlub etdikləri matç barədə danışarkən deyib.
Türkiyəli mütəxəssis komandasının oyundan-oyuna inkişaf etdiyini bildirib: “Hücumda və müdafiədə etibarlı oynadıq. Gürcüstanda qadın basketbolu çox yaxşı inkişaf edib. Onlara qalib gəlmək bizim üçün müsbət addım oldu. Ümid edirəm ki, sabah Kipri də məğlub edəcəyik. Azərbaycana ən yaxşı nəticə ilə dönmək istəyirik”.
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu iyulun 11-də Kipr seçməsinə qarşı keçirəcək.