
Velosipedçilər 202 km uzunluğu olan mərhələyə Azadlıq meydanından start veriblər. Onlar Bakının mərkəzi küçə və prospektlərindən keçərək Abşerona, oradan Nardarana yürüş ediblər. Ardınca yenidən başlanğıc nöqtəyə - Hökumət Evinin qarşısına qayıdan idmançılar burada finiş xəttini keçiblər.
Mərhələnin qalibi adına Fransanın "Team La Pomme Marseille 13” komandasının üzvü Jüstin Jül layiq görülüb – 4 saat, 41 dəqiqə, 7 saniyə. Finiş xəttini onun ardınca veloyürüşün 3-cü mərhələsınin qalibi Yusif Reqiqi ("MTN-Qhubeka”, CAR) keçib. İlk "üçlüy"ü isə Adrian Honkiş ("CCC Polsat Polkowice”, Polşa) tamamlayıb.
Yarışın yekun sıralanmasına əsasən, Rusiyanın "RusVelo” komandasının üzvü İlnur Zakarin 5 günün yekununa əsasən qalibə verilən göy köynəyə sahib çıxıb. "Synergy Baku” komandasının velosipedçisi, Azərbaycanın U-23 milli komandasının üzvü Samir Cəbrayılov isə ən yaxşı Azərbaycanlı velosipedçi kimi təltif edilib.
Göy köynək (ümumi sıralanma) – İlnur Zakarin ("RusVelo”, Rusiya)
Qırmızı köynək (ən yaxşı dağ yürüşçüsü) – Linus Gerdemann ("MTN Qhubeka”, CAR)
Yaşıl köynək (ən yaxşı sprinter) – Vitali Buts ("Kolss”, Ukrayna)
Ağ-bənövşəyi forma (ən yaxşı gənc velosipedçi) – Pobert Pauer (Avstraliya milli komandası)
Göy-qırmızı-yaşıl, alov əksi olan forma (ən yaxşı azərbaycanlı velosipedçi) – Samir Cəbrayılov ("Synergy Baku”, Azərbaycan)
Jüstin Jül: "Bu gün keçirilən mərhələyə Rusiyanın "RusVelo” komandası yaxşı nəzarət etdi. Yoxuş çox çətin idi. Biz 6 dəfə həmin yerdən keçməli olduq. Komandam mənə lazımı köməyi etdi və sonda mərhələni qalib kimi bitirdim. Yarışın təşkilatçılığına gəlincə, hər şey yüksək səviyyədə idi”.
İlnur Zakarin: "Bu gün çox çətin mərhələ idi. Komanda yoldaşlarım mənə dəstək oldular və onların sayəsində qalib adını qazandım. Gələcəkdə daha da inkişaf etmək istəyirəm və bunun üçün çalışacam”.
Linus Gerdemann: "Yarış bizim üçün çox yaxşı alındı. 2 mərhələnin qalibi olduq, bu dəfə isə ikinci gəldik. Son mərhələ çətin idi. Amma biz bu günü də nəticə ilə bitirdik. 3-cü mərhələnin qalibi olan komanda yoldaşım Yusif Reqiqi bu dəfə ikinci yeri tutdu. Ümumi götürdükdə, nəticə "MTN Qhubeka” üçün yaxşıdır”.
Robert Pauer : "Çox yaxşı hisslər keçirirəm. Bu, komandamız üçün yaxşı nəticədir. Ən azından bir köynəyi qazandıq və nəticəmdən çox razıyam”.
Vitali Buts : "Biz yaxşı nəticə göstərdik. Yarışı mənim üçün uğurlu saymaq olar. Çünki yekunda yaşıl köynəyi əldə etdim. Çalışacağam ki, mövsümü də belə uğurla bitirəm”.
Samir Cəbrayılov: "Mənə bu köynəyi qazanmaq xoşdur. Amma gələcəkdə çox çalışaraq göy köynəyi qazanmaq istərdim. Bunun üçün mənə təxminən 2 il vaxt lazımdır”.






















