
Elşən MƏMMƏDOV
Avropa Üzgüçülük Liqası qitənin bütün 52 milli federasiyasına, o cümlədən, Azərbaycan Üzgüçülük Federasiyasına maliyyə yardımı edib ki, həm pandemiya ilə əlaqədar problemlərini aradan qaldırsınlar, həm də hazırda Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazanda keçirilən Avropa çempionatında təmsil olunsunlar. Amma bizim federasiyanın rəhbərliyi nəinki pandemiyanın təsirlərini aradan qaldırıb, hətta üzgüçülərin Avropa çempionatında iştirakları üçün ayrılan pulu "pod sebe" edib.
Milli komandaya isə deyiblər ki, sizi yarışa göndərməyə pulumuz yoxdur.
Əlbəttə, üzgüçülər Avropa çempionatına getsəydilər, yalnız ərəb əlifbası kimi tərsinə baxanda yüksək yerlər tutacaqdılar. Amma axı, nəyə görə onlar hər olimpiadada hazır pay kimi vayld-kartlarla iştirak edə bilirlər, qitə çempionatında yox?! Məgər burada da hazırın naziri ola bilməzdilər?
Xatırladaq ki, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Gəncə Avtomobil Zavodunun direktoru, millət vəkili Xanlar Fətiyevdir. Onun rəhbərlik etdiyi zavod bu yaxınlarda məhz Tatarıstan Respublikasında fəaliyyət göstərən KamAZ zavodu ilə əməkdaşlığa başlayıb və Füzulidə müştərək zavod açılışı ediblər. Bir sözlə, Fətiyevdən "Kəpəz" futbol klubu nə görmüşdü ki, Azərbaycan Üzgüçülük Federasiyası nə əldə etsin.
Köməkləri lazım deyil, heç olmasa, federasiyaya ayrılan pulu həzm-raabedən keçirməsinlər.