Elşən MƏMMƏDOV
Azərbaycan idmanında yenidən formalaşma prosesinə sürətlə start verilib. Yeni gənclər və idman nazirinin gəlişinin ardından idman federasiyalarında prezident dəyişklikləri aparılmaqdadır.
Həmin şəxslər çox vaxt dövlət qurumlarının rəhbərləri olurlar. Onlar isə daha çox işğaldan azad olunmuş Qarabağda quruculuq işləri ilə məşğul olmaqdadırlar. Bu halda federasiyaları idarə etmək üçün bacarıqlı menecerlərin olması zərurəti ortaya çıxır. Amma belə menecerlər varmı?
Müşahidələr onu deməyə əsas verir ki, əksər federasiya prezidentləri öz qohumları, dost-tanışları ilə işləməyə üstünlük verirlər. Yəni, ən azı baş katib kimi strateji postu yaxınlarına həvalə edirlər. Hələ mən digər vəzifələri, o cümlədən, mətbuat katiblərini demirəm.
Doğrudanmı Azərbaycanda idman menecermenti sahəsində kadrlar çatmır?
Axı Bədən Tərbiyəsi və İdman Akademiyasında artıq bir neçə ildir "İdman menecmenti" adlı magistr ixtisası yaradılıb. Bəs oranın məzunları haradadır?
Azərbaycanda Bakı-2015 İ Avropa Oyunları, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları, Formula 1 üzrə Azərbaycan Qran-prisi, Gənclərin Avropa Olimpiya Festivalı kimi iri və çoxfunksiyalı yarışlar keçirilib. Bəs haradadır o yarışların kadr irsləri?
Yaxından tanıdığım bir şəxs var - Samir Məmmədov. O, Bakıdan sonra Minsk-2019 II Avropa Oyunlarının Əməliyyat Komitəsində, daha sonra Gənclərin Olimpiya Festivalında da çalışdı. Sonra isə uzun müddət işsiz qaldı. Bakıda ona iş tapılmadı,xaricdən isə iri yarışların Əməliyyat Komitəsindən təkliflər olsa da, işə başlaması pandemiya üzündən təxirə salındı. İndilərdə Paris-2024 Yay Olimpiya Oyunları və Krakov-2023 III Avropa Oyunlarının Əməliyyat Komitələrindən çağırırlar.
Yəni, bu cür kadrlardan öz federasiyalarımızda istifadə olunmalıdır. Yenə "dost-tanış, güzəştlə danış" prinsipi ilə işlər qurulacaqsa, nəinki Paris, hətta 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarında uğur gözləməyə dəyməz!