“Neftçi”nin bosniyalı qapıçısı Kenan Piriç komandanın qarşısına qoyduğu əsas məqsədlərdən, turnir cədvəlindəki vəziyyətdən və yeni baş məşqçi Yuri Vernidubla bağlı ilk təəssüratlarını bölüşüb.
31 yaşlı qolkiper Azərbaycan Premyer Liqasının XV turunda “Sumqayıt”la 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra Sportnet.az-a açıqlama verib.
O bildirib ki, matçın ilk hissəsində komanda daha intizamlı təsir bağışlayıb: “Əsas hədəflərimizdən biri bu vaxta qədər “Sabah”la aramızda olan 14 xal fərqini aradan qaldırmaqdır. Xal qazanmaq istəyirik. Yeni baş məşqçi ilə məqsədimiz turnir cədvəlinin yuxarı pillələrində yer almaqdır”.
Piriç yeni baş məşqçi Yuri Vernidubun komandanın oyununa müsbət təsir göstərdiyini də vurğulayıb: “Bu oyunda gördüyüm ən fərqli cəhətlərdən biri ilk hissədə intizamlı oynamamız idi. Məni xoşbəxt edən məqam da məhz ilk hissədə göstərdiyimiz yaxşı oyun oldu. Bunu gələcək matçlarda da davam etdirə bilsək, işlər daha yaxşı gedə bilər. İkinci hissədə isə nələr oldusa, oyunumuzu itirdik. Mən buna əsəbiyəm. İlk hissədəki oyun məni qane etdi. Düşünürəm ki, bu, yeni baş məşqçinin özünü göstərməsi və onun müsbət cəhətlərindən biridir”.






































































