Hazırda Braziliya "Flamenqo"sunda çıxış edən "Qarabağ"ın sabiq futbolçusu Olavio Juninyonun yeni klubu müəyyənləşib.
Sportnet.az ESPN-ə istinadən xəbər verir ki, 29 yaşlı hücumçu qış transfer dövründə Meksika "Pumas"ına keçəcək.
"Pumas" bu keçiddən ötrü "Flamenqo"ya 5 milyon avro ödəyəcək.
Elə Braziliya klubu da Juninyonu yanvarın 13-də "Qarabağ"dan bu məbləğə almışdı.
Hələlik futbolçunun özü və klubu heç bir açıqlama verməyib. Lakin təklif edilən məbləğ cəlbedici sayılıb və müsbət cavablandırılacağı gözlənilir.
Hazırda Juninyo "Flamenqo" ilə birlikdə Qətərdə Qitələrarası Kubokda iştirak edir. Rio-de-Janeyro klubu yarımfinalda Misir "Piramids"inə 2:0 hesabı ilə qalib gələrək, həlledici qarşılaşmada Fransa PSJ-sinə rəqib olub. Təcrübəli forvard matçı sonadək ehtiyat oyunçular skamyasında keçirib. O, gələcək karyerası ilə bağlı sualı cavablandırmaqdan imtina edib.
Qeyd edək ki, Olavio Juninyo "Flamenqo"nun heyətində 32 oyunda cəmi 4 qol vurub. Oyun praktikası və qol sayının azlığı onun gedişini həm özü, həm də klubu üçün əlverişli varianta çevirib.








































































