Portuqaliyalı mütəxəssis Karluş Keyruş Qana millisinin baş məşqçisi postunu tərk edib.
Sportnet.az xəbər verir ki, 73 yaşlı çalışdırıcı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Keyruşun rəhbərlik etdiyi Qana millisi 2026-cı il dünya çempionatının 1/16 finalında Kolumbiyaya 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Təcrübəli baş məşqçi vida müraciətində komandanın gələcəyi ilə bağlı fikirlərini də bölüşüb:
"Futbol da həyat kimi əbədi bir dərs öyrədir: ya qalib gəlirsən, ya da öyrənirsən. Əldə etdiklərimizlə qürur duyaraq bu yolu başa vururam. Amma daha çoxunu istədiyim üçün içimdə sağlam narazılıq da var. Daha yüksək səviyyəyə yüksəlmək son məqsəd deyil, daha böyük hədəflərin başlanğıcı olmalıdır. Qana millisinin gələcəyi yalnız meydanda qurulmayacaq. Uğur meydandan kənarda – futbol istedadlarının hazırlanması, qorunması və inkişafı üçün ən yaxşı şəraitin yaradılması ilə başlamalıdır".
Qeyd edək ki, Karluş Keyruş bu ilin aprelində Otto Addonu əvəzləyərək Qana millisinin baş məşqçisi təyin olunmuşdu. Bu, onun məşqçilik karyerasında rəhbərlik etdiyi 9-cu milli komanda olub. Portuqaliyalı mütəxəssis klub səviyyəsində isə İspaniya "Real Madrid"inin sükanı arxasında olub.










































































