Azərbaycanlı FİFA referisi Orxan Məmmədovun övladının müalicəsinə cəmi 10 min dollar (15 min manat) vəsait lazımdır. Bu barədə Sportnet.az-a beynəlxalq dərəcəli hakimin özü açıqlama verib.
FİFA referisinin sözlərinə görə, bu məbləğə yolxərci və müalicə müddətində Rusiya paytaxtında qalma xərcləri də daxildir. O, hələlik 8 min manat vəsaitin toplandığını bildirib: "Bu gün AFFA-da oldum və lazımi məbləğin yarıyadək hissəsi mənə verildi. Futbolçular, hakimlər və hətta tanımadığım şəxslər köməklik göstərirlər. Məsələn, Xaçmazdan tanımadığım şəxs 1000 manat ödəyib. Bu gün bir nəfər 500 manat verəcək. Onu da tanımıram. Heç biri istəmir ki, adı çəkilsin. Mən də buna görə açıqlama vermirdim. Amma görürəm ki, sanki heç kimin köməklik göstərmədiyi barədə fikirlər səsləndirənlər olur. Xeyr, bu, elə deyil. Sağ olsunlar, köməklik göstərirlər".
FİFA referisi bildirib ki, daha 5000 manata ehtiyacı var. O, övladını mayın ikinci yarısında Moskvaya aparacağını əlavə edib.
Qeyd edək ki, Orxan Məmmədovun 10 aylıq oğlu Nemət Məmmədov beynin normal inkişafının pozulmasından əziyyət çəkir. İndiyədək 4 dəfə Bakıda əməliyyat olunan körpə artıq xaricdə müalicə almalıdır.
Onun beyninə su yığılır. Azərbaycanda həkimlər körpənin yaşamayacağı diaqnozunu qoyublar. Nemət yaşaması üçün Moskvada əvvəlcə endoskopiya olunmalı, sonra isə onun müalicəsi davam etdirilməlidir. Lakin valideynlərinin buna imkanı çatmır.