Velosiped idmanının trek növü üzrə Azərbaycan yığma komandası Fransada keçirilən birinci kateqoriyalı "Fenioux Piste İnternational” Kubokunda mübarizə aparır. Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, velosipedçilərimiz yarışın ilk günündə iki dəfə final mərhələsinədək irəliləyə biliblər.
Kişilərin mübarizəsində yığmamızın üzvü Sergey Omelçenko 20 nəfər arasında 4-cü yer tutub. Final mərhələsində Fransa komandasının 3 üzvü ilə mübarizə aparan velosipedçimizi fəxri kürsüdən cəmi 0,05 saniyə ayırıb. Komandamızın digər üzvü Maksim Buşmin isə yarımfinalda zədələnsə də, yenidən mübarizəyə qoşularaq finiş xəttini keçməyi bacarıb və 12-ci nəticə göstərib. Qadın velosipedçilərimizdən Olqa İsmayılova keyrin üzrə yarışlarda 6-cı, Yelena Pavluxina isə 3000 metr məsafəyə ötüşmədə 7-ci olub.
Qeyd edək ki, "Fenioux Piste İnternational” Kubokuna Böyük Britaniya, Fransa, Yeni Zelandiya, İtaliya, İspaniya yığma komandaları, eləcə də Çexiyanın "Dukla”, İsveçrənin "Ümumdünya Velosiped Mərkəzi” və digər komandalar qatılıb.