"Komandam startdan mənə kömək etməyə başladı. Nəticədə 7-ci yeri tutaraq, liderliyimi qorudum".
Sportnet.az-ın məlumatına görə, bunu "Synergy Baku" komandasının üzvü Kirill Pozdnyakov "Tour d`Azerbaidjan" veloturunun 4-cü mərhələsinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Rusiyalı legioner 5 mərhələnin yekununda qalib olacağına ümid etdiyini bildirib: "Sabah sonuncu mərhələdir. Velosipeddə çox şeyi planlaşdırmaq olmur. Ümid edirəm ki, xoşbəxtlik bizim tərəfdə olacaq".
2.1 kateqoriyalı yarışın bu mərhələsi Qəbələ rayon İcra Hakimiyyətinin qarşısından start götürüb. İştirakçılar İsmayıllı - Ağsu - Şamaxı - Pirqulu marşrutu üzrə 164 km məsafə qət ediblər. Ötən illə müqayisədə bu dəfə Ağsu dolayları da marşruta əlavə edilib. K.Pozdnyakov yürüş ərzində çox maraqlı mənzərələrlə rastlaşdığını və bu zonanın gözəl təbiətinin olduğunu da əlavə edib.
4-cü mərhələnin qalibi Edvin Avila isə özünü çox xoşbəxt hiss etdiyini söyləyib: "Birinci yeri tutduğum üçün sevinirəm. Üzüaşağı yer olduğu üçün sürət də yüksək idi. Maraqlı yürüş oldu".
5-ci mərhələ mayın 7-də Bakının mərkəzi küçələrində keçiriləcək. Kolumbiyalı velosipedçi sabahkı mərhələnin fiziki hazırlığı yüksək olan velosipedçilər üçün əlverişli olduğunun vurğulayıb. Bu səbəbdən, Avila yenidən qalib olacağına ümid etdiyini söyləyib.
Mükafat təqdim olunarkən, qalib velosipedçi onu öpən qızlara maraqlı reaksiya verib. Avila bununla bağlı sualı belə cavablandırıb: "Həm qalib gəlmək, həm də öpüşmək gözəl hisslərdir. Amma istənilən halda öpüşmək zövqvericidir".