
"İkinci dəfə Oyunların qalibi olduğum üçün çox xoşbəxtəm. Mənə belə imkanı yaratdığı üçün Azərbaycana minnətdaram".
Sportnet.az-ın Türkiyənin Konya şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmış Azərbaycan atleti Anna Skidan deyib.
Çəkicatma növündə fəxri kürsünün ən yüksək pilləsinə qalxmış 30 yaşlı qadın idmançı bildirib ki, təəssüratları çox müsbətdir: "Çünki birinci yeri tutmaq həmişə xoşdur. Verdiyi dəstəyə görə komandamıza təşəkkür edirəm. Göstərdiyim nəticəyə görə də məmnunam".
Qeyd edək ki, Anna Skidan V İslam Həmrəyliyi Oyunlarında 70,23 metr nəticə ilə Azərbaycana ilk medalı qazandırıb. O, 2017-ci ildə Bakıda keçirilmiş İslamiadada isə 75,29 metr göstərici ilə birinci yeri tutmuşdu.