Sonra Həşimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov belə bir turnirin yenidən ölkəmizdə keçirilməsinin xoş bir ənənə, bütün idmançılar üçün sevindirici hal olduğunu qeyd edib. O, bütün nailiyyətlərə verilən beynəlxalq qiymətin məhz birinci Avropa Oyunlarının 2015-ci ildə Azərbaycanda keçirilməsi olduğunu vurğulayıb.Onun sözlərinə görə 2015-ci ildə Dünya Şahmat Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində təşkil olunması ölkəmiz üçün tarixi hadisədir. AŞF prezidenti hər iki turnirin yüksək səviyyədə keçiriləcəyinə inandığını deyib.
FİDE prezidenti Kirsan İlyumjinov çıxışında turnirin yüksək səviyyədə təşkilinə, idmançılar üçün yaradılan şəraitə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. O deyib ki, FİDE-nin 181 üzvü arasında şahmatın inkişafı üzrə xüsusi Dövlət Proqramı qəbul etmiş yeganə dövlət Azərbaycandır. K.İlyumjinov vurğulayıb ki, Prezident İlham Əliyevin idmanın, xüsusilə şahmatın inkişafına göstərdiyi diqqət digər ölkələrə də nümunə olmalıdır. FİDE prezidenti Ulu Öndər Heydər Əliyevin sovet dövründə şahmatın inkişafına böyük töhvə verdiyini söyləyib: "Mən Heydər Əliyevdən aldığım məsləhətlər sayəsində işimdə çoxlu səhvlərdən sığortalanmışam. Eyni zamanda məhz Heydər Əliyevin sayəsində Harik Vaynşteyn dünya çempionu Harri Kasparova çevrilib. Əgər o Harikə qayğı göstərməsəydi şahmat aləmi onu 13-cü dünya çempionu kimi tanımazdı. Şahmatın inkişafı istiqamətində gördüyü işlərə görə Azərbaycan prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm."