
Azərbaycan milli komandasının müdafiəçisi Mahir Şükürovun komandası "Karşıyaka" Türkiyə PTT I Liqasında 7-ci turun oyununa çıxıb. Sportnet.az-ın məlumatına görə, Şükürovun komandasının rəqibi yığmamızın sabiq hücumçusu Branimir Subaşiçin formasını geyindiyi "Manisaspor" olub.
Manisada baş tutan qarşılaşma "Karşıyaka"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Sevindirici haldır ki, start heyətində meydana çıxan Mahir ilk qolun müəllifi olub. O, 21-ci dəqiqədə cərimə zərbəsindən hesabı açıb. "Karşıyaka"nın ikinci qolunu isə 41-ci dəqiqədə Ofoedu vurub. Beləliklə, 90 dəqiqə meydanda qalan Mahirin komandası bu qalibiyyət sayəsində xallarının sayını 11-ə çatdırıb və 7-ci pilləyə yüksəlib. Qeyd edək ki, Subaşiç də bu görüşü başdan sona qədər meydanda keçirib və 73-cü dəqiqədə sarı vərəqə almaqla diqqət çəkib.
Yığma komandamızın sabiq müdafiəçisi Rail Məlikovun komandası "Dənizlispor" isə öz meydanında "Boluspor"a böyük hesabla uduzub - 0:3. Rail bu görüşdə ehtiyatda oturmaqla kifayətlənib. "Dənizlispor" aktivindəki 8 xalla 11-ci yerdə gedir.
Sonda Mahir Şükürovun vurduğu qolun videosunu təqdim edirik: