Ailəvi səbəblər üzündən Türkiyənin "Giresunspor" klubu ilə yollarını ayıran Anton Çiçulin azərbaycanlı komanda yoldaşı Ayaz Mehdiyevə böyük jest edib. Sportnet.az-ın məlumatına görə, qazaxıstanlı müdafiəçi I Liqada "Orduspor" üzərində 1:0 hesablı qələbə qarşılığında 4000 lirəlik mükafatın uzun müddətdir zədəli olan Mehdiyevə verilməsini istəyib.
Çiçulinin bu addımı hamı tərəfindən böyük təqdirlə qarşılanıb. Komandanın baş məşqçisi Erkan Sözeri deyib: "Antonun ayrılması bizim üçün üzücüdür. Həm insanlığı və xarakteri, həm də oyunu və peşəkarlığı ilə seçilən çox önəmli futbolçunu itirdik".
"Giresunspor"un idarə heyəti isə Çiçulinin istəyini yerinə yetirəcəyini bildirib.
Qeyd edək ki, müdafiəçi Ayaz Mehdiyev 2014-cü ilin yayında qapıçı Kamal Bayramovla birgə "Giresunspor"a keçib. Çox keçmədən Bayramov komandadan ayrılsa da, Mehdiyev qalmağı üstün tutub.