Bu gün Azərbaycanın məşhur şahmatçısı, qrossmeyster Vüqar Həşimovun vəfatından 1 il ötür. Sportnet.az-ın məlumatına görə, V.Həşimov 11 yanvar 2014-cü ildə beyin xərçəngindən müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında 28 yaşında ikən dünyasını dəyişib.
Bundan 3 gün sonra o, III Fəxri Xiyabanda dəfn edilib. Dünyaca məşhur şahmatçının vəfatının ildönümü bu gün Təzə Pir Məscidində yad ediləcək, qəbri ziyarət ediləcək.
Qeyd edək ki, Vüqar Həşimov 24 iyul 1986-cı ildə Bakıda anadan olub. O, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşıb. 2002, 2004, 2006 və 2008-ci illərin Şahmat olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış edib. 2009-cu ildə millimizin heyətində Avropa çempionu adını qazanıb. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub.