
Voleybolçu qadınlardan ibarət "Azəryol" klubu Çempionlar Liqasında V turun oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Aleksandr Çervyakovun komandası Türkiyə "Fənərbağça"sı ilə üz-üzə gəlib.
Bakıdakı Voleybol Mərkəzində təşkil olunan qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 3:0. İlk 2 setdə "Fənər" elə də çətinlik çəkməyib. Əvvəlcə 25:20 hesablı üstünlük əldə edən Türkiyə təmsilçisi ardından daha böyük fərqlə qalib gəlib - 25:15. 3-cü setdə "Azəryol" rəqibinə ciddi müqavimət göstərsə də, sonda üstün ayrılan tərəf "sarı-lacivərdlilər" olub - 26:24.
Məğlubiyyətə baxmayaraq, Azərbaycan təmsilçisi növbəti mərhələyə yüksəlib. Buna B qrupunun digər qarşılaşmasında Rumıniya "Ştiinta"sının Fransa "Nant"ın qalib gəlməsi səbəb olub - 3:1 (25:20, 25:14, 16:25, 25:19).
Bu nəticələrdən sonra "Fənərbağça" qrupda 15 xalla 1-ci, "Azəryol" 8 xalla 2-ci yeri təmin edib. 4 xalla 3-cü pillədə olan "Nant" üçün Azərbaycan təmsilçisi əlçatmaz olub. İki komanda arasında Fransada keçiriləcək sonuncu turun oyunu turnir baxımından ciddi əhəmiyyət kəsb etməyəcək. Qrupda ilk qələbəsini əldə edən "Ştiinta" isə 3 xalla 4-cüdür.



































































