İtaliya "İnter"i ilə Avropa Liqası matçındakı qolunun sayılmaması ilə bağlı şikayəti əsasında fevralın 5-də UEFA-da keçiriləcək toplantıda "Qarabağ"ı klubun vəkilləri təmsil edəcək. Bu barədə Sportnet.az-a Ağdam təmsilçisinin vitse-prezidenti Tahir Gözəl məlumat verib.
Özünün iclasda olmayacağını deyən klub rəsmisi sayılmayan qollarının təsdiqlənəcəyinə inanmadığını bildirib. Amma T.Gözəl Miroslav Zelinkanın ən ağır cəzaya məruz qalacağına əminlik ifadə edib: "Bu hakimlərin karyeralarında daha bir cəza görəcəklərinə əminəm. Buna şübhəm yoxdur. Onlar öz karyeralarını zədələdilər. Sadəcə, ayıbdır. Onları cəzalandıracaqlar. Amma qolu qeydə alacaqlarını deyə bilmərəm. İnanmıram, çətin olacaq".
Qeyd edək ki, "İnter"lə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş matçın 90+4-cü dəqiqəsində "Qarabağ"ın yarımmüdafiəçisi qaydalar çərçivəsində qol vurub. Lakin çexiyalı baş hakim Miroslav Zelinka həmin epizodda ofsayd olduğunu iddia edərək, qolu saymayıb. Bununla da görüş 0:0 hesablı heç-heçə ilə nəticələnib və təmsilçimiz 1/16 finala yüksələ bilməyib. Halbuki qələbə təqdirində, "Qarabağ" qrup ikincisi kimi mərhələ adlayacaqdı.