Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Malta ilə oyuna hazırlıqlar necə gedir?
- Milliyə qələbə üçün dəvət olunmuşuq. Futbolda zəif komanda olmur. İndi o vaxtlar deyil ki, rəqib zəif olsun. Elə hesab edirəm ki, Malta da bizimlə başabaş mübarizə aparan komandadır. Biz onlardan artığıq ki, əskik deyilik. İnanıram ki, meydançaya çıxıb qələbə qazanacağıq.
- Son açıqlamalarında ağrıların olduğunu bildirmişdiniz. İndi vəziyyətiniz necədir?
- İndi hər şey yaxşıdır.
- Səlahət Ağayev millidən kənarda qaldı. Demək olar ki, bu, sizin əsas heyətə qayıtmağınız üçün yeni şansdır?
- Əsas heyətdə kimin oynayacağı bilinmir. Səlahətin xəstələnməyi yaxşı hal deyil. Ancaq əvəzolunmaz insan yoxdur. Start heyətində meydana çıxmaq önəmli deyil. Əsas odur ki, Azərbaycan qələbə qazansın.
- Robert Prosineçki bildirmişdi ki, onun üçün bir nömrəli qapıçı Səlahət Ağayevdir...
- Yəqin ki, düz deyir. Bu, məşqçinin öz fikridir.
- Maltanı yoldaşlıq görüşündə 3:0 hesabı ilə məğlub etmişdik...
- Bunlar hamısı keçmişdə qalıb. İndiki halda isə heç nə bilinmir. Meydana çıxıb qələbə qazanmaq lazımdır.
- Azərbaycandakı karyeranızın son ili əsəbi, gərgin keçdi. Türkiyəyə gedişinizdən sonra verdiyiniz müsahibələrin birində rahatlaşdığınızı bildirmişdiniz...
- Türkiyə karyeram haqda danışmaq istəmirəm. Çünki indi millidəyəm və yalnız bu haqda düşünürəm. Əsəbiliyə qaldıqda, insanın həyatında şəxsi problemlər olur. Bizim işimiz futboldur və indi o gərginliklər arxada qalıb.
- Azarkeşlərə qələbə söz verə bilərsiniz?
- Hər şey Allahın əlindədir. Biz isə əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Bu qədər futbolçu qələbəyə ümid verir. Ən azı evdə rəqibi məğlub etməliyik. Maltaya Bakıda uduzmaq faciə olar. Hazırda 0 xaldayıq. İrlandiya, Rusiya kimi yığmalardan xal ala biliriksə, Malta, Norveç, Bolqarıstan kimi komandalardan da xal alıb, qələbə qazanmalıyıq.