Ermənistanın güllə atıcılığı üzrə milli komandasının lideri Zaven İgityan "Bakı 2015" I Avropa Oyunlarına buraxılmayıb. Sportnet.az-ın məlumatına görə, bu barədə "news.am"a yığmanın baş məşqçisi Seyran Nikoqosyan açıqlama verib.
O, idmançının Bakıya valideynləri tərəfindən buraxılmadığını bildirib. Nikoqosyan Avropa Oyunlarına gətirəcəyi Qraçik Babayan (tüfəng) və Norayr Arakelyanın (tapança) isə psixoloji hazırlıqla bağlı probleminin olmadığını iddia edib. Baş məşqçinin özü də iyunun 14-də Oyunlara gələcəyini söyləyib.
Qeyd edək ki, Ermənistan atıcıları hazırda 26 may - 1 iyunda Almaniyanın Münhen şəhərində keçiriləcək Dünya Kubokuna hazırlaşır. I Avropa Oyunları 12 - 28 iyunda baş tutacaq.