Macarıstanın Sombateli şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatının ikinci yarış günündə Azərbaycan milli komandası daha 3 medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, Hacımurad Ömərov (70 kq) qızıl, Əli Rəhimzadə (61 kq) və Kənan Əliyev (86 kq) bürünc medala sahib olub.
Ömərov Gürcüstan, Moldova və Belarusdan olan rəqiblərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib. O, həlledici görüşdə Rusiya təmsilçisini də üstələyərək, Avropa çempionu adını qazanıb.
Rəhimzadə ardıcıl olaraq Almaniya və Belarusdan olan rəqiblərini mübarizədən kənarlaşdırsa da, yarımfinalda rusiyalı rəqibinə uduzub. Lakin o, bürünc medal uğrunda görüşdə isveçrəli pəhləvanı yenməyi bacarıb.
Nəhayət, Əliyev Belarus və İtaliyadan olan rəqiblərini üstələsə də, yarımfinalda yerli idmançıya məğlub olub. O da bürünc medal qarşılaşmasında İsveçrə təmsilçisini üstələyib.
Beləliklə, Avropa çempionatının ilk iki gününü Azərbaycan sərbəst güləşçiləri üst-üstə 2 qızıl və 3 bürünc medalla tamamlayıb. İlk yarış günündə Teymur Məmmədov (65 kq) qızıl, İsmayıl Abdullayev (74 kq) bürünc medal qazanmışdı.
61 kq
Bürünc medal görüşü. Randy Adrian Vock (İsveçrə) - Əli Rəhimzadə - 2:13
1/2 final - Əli Rəhimzadə - Hacımurad Rəşidov (Rusiya) - 2:4
1/4 final. Huseyn Şaxbanov (Belarus) - Əli Rəhimzadə - 0:5
1/8 final. Nico Antonio Zarcone (Almaniya) - Əli Rəhimzadə 3:5
70 kq
FİNAL. Zaurbek Sidakov (Rusiya) - Hacımurad Ömərov - 1*:1
1/2 final. Surxo Raşitxanau (Belarus) - Hacımurad Ömərov - 0:5 (tuşe)
1/4 final. Toma Vascan (Moldova) - Hacımurad Ömərov - 0:10
1/8 final. Mirza Sxulukia (Gürcüstan) - Hacımurad Ömərov - 1:12
86 kq
Bürünc medal görüşü. Stefan Reichmuth (İsveçrə) - Kənan Əliyev - 1:2
1/2 final. Kənan Əliyev - Bendeguz Toth (Macarıstan) - 6:8
1/4 final. Aron Caneva (İtaliya) - Kənan Əliyev - 0:8
1/8 final. Kənan Əliyev - Abdulla Ömərov (Belçika) - 5:2
125 kq
1/8 final. Umar İsrailov - Danylo Kartavyi (Ukrayna) 6:14