
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycana bürünc medal qazandırmış kayakçı İnna Osipenko-Radomskaya 4 il müddətinə diskvalifikasiya edilib.
Sportnet.az-ın Beynəlxalq Kanoe Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, buna 36 yaşlı idmançının yarışdankənar dopinq-testdən imtinası səbəb olub. Osipenko-Radomskayadan bu ilin mayında dopinq-test götürmək istəsələr də, o, rədd cavabı verib. Ukraynalı kayakçı qərardan 21 gün müddətinə apellyasiya verə bilər.
Qeyd edək ki, İnna Osipenko-Radomskaya Ukrayna yığmasında çıxış etdiyi vaxt 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 1 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə qızıl, 2004-cü il Afina olimpiadasında 500 metr məsafəyə yürüşdə bürünc, 2012-ci il London olimpiadasında 200 metr və 500 metr məsafələrə yürüşlərdə gümüş medal əldə edib. 2014-cü ildə Azərbaycan millisinə cəlb olunmuş təcrübəli kayakçı "Rio-2016"da gümüş medalla kifayətlənib. Daha sonra o, Azərbaycan millisi ilə yollarını ayırıb.