Beynəlxalq Avtomobil Federasiyası (FIA) "Formula 1"də çıxış edən "Red Bull" komandasına qarşı araşdırmalara başlayıb.
Sportnet.az "La Gazzeta dello Sport"a istinadən xəbər verir ki, Avstriya təmsilçisi ötən mövsüm öz büdcəsini yüksəltməkdə günahlandırılır.
2021-ci ildə qəbul olunmuş yeni nizamnaməyə əsasən, komandaların mövsüm ərzində xərclərinə 145 milyon ABŞ dolları məbləğində limit qoyulub. Rəqibləri "Red Bull"u reqlamenti pozmaqda və xərclərini 147,4 milyon dollaradək artırmaqda ittiham edirlər.
Şübhələr özünü doğrultsa, "Formula 1"in hazırkı çempionu Maks Ferstappen titulsuz qala bilər. Niderlandlı pilot hazırda 335 xalla liderdir. İkinci pillədəki "Ferrari" pilotu Şarl Lekler isə ondan 116 xal geri qalır.
Araşdırmaların yekunu yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, Maks Ferstappen ardıcıl ikinci mövsümdə dünya çempionluğunu oktyabrın 2-də Sinqapur Qran Prisində rəsmiləşdirə bilər.