"Sumqayıtda 7 yaşlı uşağın idman zalında aldığı xəsarət nəticəsində həyatını itirməsi ilə bağlı yayılan xəbərdə cüdo idman növünün adı çəkilir və bununla əlaqədar kütləvi informasiya vasitələrindən çoxsaylı sorğular daxil olur. Öncə bütün cüdo ailəsi adından bədbəxt hadisə nəticəsində vəfat etmiş Fərid Bakarovun ailəsinə dərin hüznlə baş sağlığı diləyir, mərhumun vəfatından kədərləndiyimizi bildiririk".
Sportnet.az-ın məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) yaydığı açıqlamada bildirilir. Bəyanatda ictimaiyyətin diqqətinə çatdırılır ki, mətbuatda gedən xəbərlərdə məşqçi kimi adı çəkilən Mehman Xəlilov cüdo idman növü üzrə məşqçi deyil və o, rəsmi olaraq başqa idman növü üzrə fəaliyyət göstərib, hadisənin baş verdiyi məşq də rəsmən digər idman növü üzrə keçirilib.
"ACF olaraq, məşq zamanı məşqçilərin müvafiq təhlükəsizlik prosedurlara riayət etmələrinə və idmançılarının təhlükəsizliyinin təmin olunmasına xüsusi önəm veririk. Cüdo məşqləri zamanı azyaşlı uşaqların üzərində mürəkkəb fəndlərin göstərilməsi qəti qadağandır. Həmçinin, məşqlərə yeni başlayan uşaqlara ilk növbədə təhlükəsiz yıxılmalar öyrədilir və yalnız bir neçə aydan sonra müvafiq sadə fəndlərin öyrədilməsinə başlanılır. Bütün bu məsələlərə Beynəlxalq Cüdo Federasiyasının Akademiyası ilə birlikdə təşkil edilən məşqçilik kurslarında və seminarlarda xüsusi diqqət yetirilir", - deyə rəsmi açıqlamada bildirilir.
ACF onu da qeyd edib ki, 13 yaşadək uşaqların yarışlarında sağlamlığa xətər yetirə biləcək, xüsusilə başın yerə qoyulmasına səbəb ola biləcək fəndlərin istifadəsi qadağan edilib və məşqçilərə bu məsələyə diqqətlə yanaşmaları üçün qəti tapşırıq verilib: "Qadağan olunmuş fəndlərə daxildir: “Ura-nage”, “Yoko-guruma”, “Yoko-otoshi”, “Tani-otoshi”, “Sode-tsurikomi-goshi”, “Tomoe-nage’’, “Makikomi” texnikaları və iki qolu götürməklə atılan bütün fəndlər. Həmçinin, hücum və ya əks hücum edərkən diz və ya dizlərindən istifadə edərək fənd tətbiq etməyə cəhd edilməsi (məsələn, dizləri yerə qoymaqla çiyin üzərindən atmalar) qadağan edilib".
ACF bir daha Fərid Bakarovun vəfatından dərin kədərləndiyini bildirir və ailəsinə dərin hüznlə baş sağlığı diləyir.
Allah rəhmət eləsin!