
Azərbaycan İdman Akademiyasının (AİA) yeni loqosunun təqdimat mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Akademiyanın tədris üzrə prorektoru Ülkər Babayeva yeni loqonun modernləşmə və yenilənmə məqsədilə yaradıldığını bildirib. Onun sözlərinə görə, bu loqo özündə müasirliyi ehtiva edir.
Akademiyanın təsis olunduğu gündən indiyədək gördüyü işlərdən bəhs edən videoçarx nümayiş olunduqdan sonra yeni loqo ictimaiyyətə təqdim olunub.
Yeni loqonun dizayn qrupunun rəhbəri Şamil Ramazanov yaşıl rəngdə olan loqonun müasir standartlara cavab verdiyini, daha dinamik təsir bağışladığını söyləyib. O, loqodakı yaşıl xətlərin qaçış zolaqlarını əks etdirdiyini vurğulayıb.
Tədbirin sonunda AİA-nın rektoru Fuad Hacıyev akademiyanın fəaliyyətindən, tələbələrin beynəlxalq arenalarda əldə etdiyi nailiyyətlərdən danışıb. O, akademiyada təhsil alanların sayının ildən-ilə artmasını Azərbaycan gənclərinin idmana olan həvəsinin yüksək səviyyədə olması ilə əlaqələndirib.