
III MDB Oyunlarının keçiriləcəyi arenalarda hazırlıq işləri yekunlaşdırılır.
Bakı Şəhər Halqası Əməliyyat Komitəsindən Sportnet.az-a verilən məlumata görə, idmançılar 12 məkanda 23 idman növü üzrə medallar uğrunda mübarizə aparacaqlar.
Oyunların yüksək səviyyədə keçirilməsi üçün komandalar, media nümayəndələri və tamaşaçıların rahatlığı üçün bütün tədbirlər görülüb.
Hər bir idman məkanda məlumat mərkəzləri, media toplanış məntəqələri, mətbuat otaqları, tibb məntəqələri mövcuddur. Yarışlara hazırlıq zamanı hər bir idman növünün xüsusiyyətləri nəzərə alınmış, beynəlxalq standartlara uyğun idman və digər avadanlıqlar quraşdırılıb.
Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabrda Azərbaycanın 7 şəhərində - Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda baş tutacaq. Hər iki tədbir saat 19:00-da başlayacaq.