
Azərbaycanda keçirilən III MDB Oyunlarında bu gün 8 idman növündə mübarizə gedəcək.
Sportnet.az-ın məlumatına görə, ilk olaraq, saat 9:00-da Qəbələ Olimpiya İdman Kompleksində badminton üzrə qarışıq komanda yarışları gerçəkləşəcək.
Saat 9:30-da Xankəndi stadionunda ilk dəfə oxatma yarışları start götürəcək.
Gəncə İdman Sarayında saat 10:00-da üzgüçülük üzrə son yarışlar keçiriləcək. Oğlan və qızlar 400 metr, 1500 metr məsafələrə və 4X100 metr estafetinə qatılacaqlar.
Saat 11:00-da eyni məkanda qılıncoynatmanın sablya növü üzrə mübarizə başlanacaq.
Axşam seansında isə voleybolçu oğlanlar III tur oyunlarına çıxacaqlar. Saat 16:00-da A qrupunun Belarus - Qırğızıstan, saat 18:30-da Azərbaycan - Özbəkistan görüşləri keçiriləcək.
Saat 11:00-da həm də Şəki şəhər stadionunda çövkən oyunları olacaq. A qrupunun görüşündə Qırğızıstan Küveytlə, B qrupunun qarşılaşmasında Qazaxıstan Türkiyə ilə üz-üzə gələcək.
Saat 12:00-da Yevlax Olimpiya İdman Kompleksində qadın boksçular yarımfinal döyüşlərinə çıxacaqlar.
Eyni saatda Şəki Olimpiya İdman Kompleksində kişi və qadın tamblinqçilər sinxron, qarışıq və komanda çıxışlarında bacarıqlarını nümayiş etdirəcəklər.