Özbəkistan rəsmiləri ölkə əhalisinin kütləvi idmanla əhatə səviyyəsini yaxın perspektivdə 17 milyon nəfərə çatdırmağı planlaşdırır. Hazırda bu göstərici 15 milyon təşkil edir.
Sportnet.az xəbər verir ki, bu hədəflər yanvarın 20-də prezident Şavkat Mirziyoyevə təqdim olunan idmanın inkişafına dair təqdimatda səsləndirilib. Məlumatı dövlət başçısının mətbuat xidməti yayıb.
Müvafiq nazirlik və qurumların nümayəndələri bildiriblər ki, ölkədə peşəkar idman da sürətlə inkişaf edir. Xüsusilə 2025-ci ildə Özbəkistan idmançıları beynəlxalq arenada yüksək nəticələr göstəriblər. Milli komanda Ümumdünya Universiadasında 13-cü yeri, Bəhreyndə keçirilən Gənclər Oyunlarında və Səudiyyə Ərəbistanında təşkil olunan İslam Həmrəyliyi Oyunlarında 2-ci yeri, BƏƏ-də baş tutan yeniyetmələr arasında Paralimpiya Asiya Oyunlarında isə 1-ci yeri tutub.
Özbəkistanın futbol üzrə milli komandası tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazanıb. Şahmatçı Cavoxir Sindarov isə dünya şahmat tacı uğrunda namizədlər turnirində iştirak hüququ əldə edib.
Bununla belə, bəzi idman növləri üzrə mövcud nəticələrin infrastruktur və potensiala tam uyğun gəlmədiyi vurğulanıb. Bu səbəbdən sözügedən sahədə işlər daha da gücləndiriləcək. Ehtiyat idmançıların formalaşdırılması məqsədilə Prezident Olimpiadası çərçivəsində şəffaf seçim mexanizmi tətbiq olunacaq. Qeyd edilib ki, yarışların ilk mərhələsində 103 min nəfər, final mərhələsində isə 11 idman növü üzrə 3 mindən çox atlet iştirak edib və 135 medal dəsti uğrunda mübarizə aparılıb.
Prezident bu cür yarışların ildə iki dəfə keçirilməsini, regionlarda 13–14 yaşlı yeniyetmələr arasında təşkil olunmasını və idman növlərinin sayının mərhələli şəkildə 20-yə çatdırılmasını tapşırıb.
Nailiyyətlər sırasında Olimpiya şəhərciyinin və Milli Futbol Mərkəzinin istifadəyə verilməsi xüsusi qeyd olunub. Bu obyektlərin özbək idmanının simvoluna və vahid idman klasterinə çevriləcəyi bildirilib. Artıq 17 idman federasiyası və digər təşkilatlar Olimpiya şəhərciyinə köçüb.
İdmanın inkişafında elmi yanaşmaya xüsusi önəm veriləcəyi vurğulanıb. Müasir farmakologiya, dietologiya, funksional və fiziki hazırlıq, reabilitasiya, fərdi yüklənmə planlaşdırılması sahələrində yeni metodların tətbiqi nəzərdə tutulur.
Eyni zamanda, özəl sektorun və investorların prosesə daha fəal cəlb edilməsi, məhəllə səviyyəsində idman məktəblərinin əlçatanlığının artırılması, istedadlı gənclərin erkən aşkarlanması və məqsədyönlü hazırlığı məsələləri diqqət mərkəzində saxlanılıb.
Təqdimatda yaxın vaxtlar üçün planlaşdırılan tədbirlər barədə də məlumat verilib. Yanvar ayında Daşkənddə Ümumdünya Üzgüçülük Federasiyasının İcraiyyə Bürosunun iclası, Mərkəzi Asiya Regional Antidopinq Agentliyinin (RADOCA) toplantısı və Asiya Olimpiya Şurasının 46-cı Baş Assambleyası keçiriləcək. Bundan başqa, məsul şəxslər Özbəkistan yığmasının bu il İtaliyada baş tutacaq Qış Olimpiya Oyunlarına hazırlığı barədə hesabat veriblər.
Ayrıca olaraq, güləşin inkişafı planı müzakirə edilib. Ölkədə Regional İdman Döyüş Növləri Akademiyası yaradılması nəzərdə tutulur. Daimi əsasda Prezident Kuboku, “Özbəkistan botirləri” turniri, Baş prokurorun kuboku və hərbçilər arasında yarışlar keçiriləcək. Bir sıra məktəblərdə kuraşla yanaşı, yunan-Roma, sərbəst və qadın güləşi üzrə hazırlığa başlanacaq. Qərara alınıb ki, ilin sonunadək hər bir rayon və şəhərdə ən azı bir təhsil müəssisəsində bu idman növü üzrə klublar fəaliyyətə başlasın.













































































