ABŞ-ın Kaliforniya ştatında bu gün start götürməli olan tennis üzrə nüfuzlu İndian-Uells turniri koronavirus epidemiyasına görə təxirə salınıb.
Sportnet.az-ın məlumatına görə, turnirin direktoru Tommi Haas bu qərarı virusun yayılmasının qarşısını almaqdan ötrü qəbul etdiklərini bildirib. O, yarışın təxirə salınmasından məyusluq ifadə etsə də, yerli əhali, azarkeşlər, oyunçular, ümumiyyətlə, bu hadisə ilə bağlı olan hər kəsin təhlükəsizliyi və sağlamlığının daha vacib olduğunu dilə gətirib.
Qeyd edək ki, mükafat fondu 18,5 milyon ABŞ dolları olan İndiana-Uells turnirinin ötənilki qalibləri kişilərdə avstriyalı Dominik Tim, qadınlarda isə kanadalı Byanka Andreesku olub. Tanınmış tennisçilər Rocer Federer (İsveçrə) və Novak Cokoviç (Serbiya) isə hərəyə 5 dəfə yarışın qızıl medalına yiyələniblər. Rusiyalı keçmiş tennisçi Mariya Şarapova isə 2 dəfə turnirdə qalib olub.