1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Eldar İsmayılov getsin, öz məhkəmə biznesi ilə məşğul olsun" - MÜSAHİBƏ
Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti, əməkdar jurnalist Qabil Mehdiyevin Fanat.az-ın suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir.
"Yaxşı ki, AİJF-ni yaratdıq və AİJA həyəcanlanıb qış yuxusundan ayıldı”
- Bir neçə gün öncə Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti Eldar İsmayılov saytımıza müsahibəsində həm AİJF, həm də sizin haqqınızda bəzi fikirlər səsləndirdi. Cavabınız varmı?
- Eldar İsmayılovun 72 yaşı var. Ağsaqqal yaşdadır, deyə, hər dəfə ünvanıma dediyi əsassız ittihamlara reaksiya vermirdim. Onunla heç bir işimiz yoxdur, bilmirəm, niyə belə edir? Biz idman mediasının problemləri ilə məşğul olub, onları həll etməyi qarşımıza məqsəd qoymuşuq. İki gün öncə Medianın İnkişafı Agentliyinə idman jurnalistikasına dövlət dəstəyi ilə bağlı 10 bənddən ibarət təkliflər paketi təqdim etdik. Müzakirələrimizi həm agentliklə, həm də idman jurnalistləri ilə davam etdirəcəyik. Bizim üçün AİJA-nın nə edib-etməməsinin fərqi yoxdur. Yetər ki, bizə mane olub, gördüyümüz və görəcəyimiz işlərə kölgə salmağa çalışmasın.
- Eldar müəllim sizi AİJA-dan çıxardığını dedi.
- Mən AİJF prezidenti seçildiyim üçün AİJA-da qalmağım da düzgün deyildi. Çıxarmağa gəlincə, onsuz da orda hər şey bir nəfərin iradəsindən asılıdır. Eldar müəllim istədiyi adamı bir sözlə çıxarır, istədiyini də vitse-prezident qoyur. Rəşad Qəmərşahoğlunu da bir anda vitse-prezident vəzifəsindən azad elədi. Bundan əvvəl də Emin Axundu bir sözlə, seçki etmədən vitse-prezidentlikdən çıxarmışdı. İndiyədək kimsə AİJA-da kiminsə üzvlüyə qəbul və ya çıxarılmasını əks etdirən iclas, və ya press-reliz görüb? Dəfələrlə imkanlı şəxsləri vitse-prezident adlandırıb. Sonra onlar pul xərcləməyəndə "daha vitse-prezident deyilsən!” deməklə yola salıb. Halbuki belə məsələlər sənədlə, səsvermə ilə olmalıdır. İclasın protokolu da Ədliyyə Nazirliyinə təqdim edilməlidir. Kimsə sorğu göndərsin, görsün reallıqda AİJA-nın əsl seçəni və seçiləni kimlərdir.
- AİJF-nin Gənclər və İdman naziri Azad Rəhimovun AİJA-ya iradı nəticəsində 1 həftəyə yarandığı doğrudur?
- Səhv deyir, AİJF nazirin açıqlamasından bir həftə sonra yaradılmayıb. Biz AİJF-ni daha öncədən təsis etmişdik. Şübhəsi varsa, müraciət etsin, Ədliyyə Nazirliyindən aldığımız təsis sənədlərini göstərim, arxayın olsun. Sadəcə hər dəfə düşünürdük ki, bəlkə Eldar müəllim AİJA-dakı ab-havanı düzəldər, alternativ təşkilata ehtiyac qalmaz. Ancaq gördük ki, getdikcə məsələni daha da qəlizləşdirir, idman mediasının probemləri ilə maraqlanmaq istəmir. İki variant var idi, ya Ədliyyə Nazirliyinə müraciət edib, AİJA-da şəffaf seçki keçirilməsini xahiş etməli idik, ya da yeni qurum yaratmalı idik. Eldar müəllimin fəaliyyətindən narazı olan həmkarlar təklif edirdi ki, AİPS-ə müraciət edək, gəlib fəaliyyətsizliyini, təşkilatı ailə qurumuna çevirməsini, idman mediası ilə işləməməsini yerində araşdırıb görsünlər. İstəsəydim həm ölkəmizdə, həm də AİPS-də bu məsələni qaldırardım. Amma ağsaqqaldır, 25 ildir pis-yaxşı AİJA-nı idarə edir deyə, o addımı atmadım. Buna görə də, əlac yeni qurumun yaradılmasına qalırdı. Yaxşı ki, AİJF-ni yaratdıq və AİJA həyəcanlanıb qış yuxusundan ayıldı. Yoxsa idman jurnalistlərimiz elə bir təşkilatın olduğunu unutmuşdular.
Məlumdur ki, AİJA 1995-ci ildə Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi ilə yaradılıb. İlk vaxtlar qurumun rəhbəri "İdman” qəzetinin o vaxtkı redaktoru, rəhmətlik Arif Şəfizadə olub. Özünün də dediyi kimi, təsadüfən, idman akademiyasında prorektor Dilqəm Quliyevi axtara-axtara gedib çıxıb nazirlikdəki təsis iclasına. Sonrası məlumdur, qısa müddətdə nazirin və Şəfizadənin etimadından istifadə edərək AİJA-nı ələ keçirməyi bacarıb. Beləliklə, 54 yaşınadək idman mətbuatına aidiyyatı olmayan şəxs bir anda olub idman jurnalistlərinin rəhbəri. İnsafən ilk illərdə, bir-iki tədbir də təşkil edib. Lakin sonralar özünə qarşı ictimai nəzarətin yoxluğunu, idman jurnalistlərinin tələbkar olmadığını görərək, AİJA-dan yalnız şəxsi biznesi, özünün və ailəsinin xarici turist gəzintiləri üçün istifadə etməyə başlayıb. Hər ilin dekabrında "ilin ən yaxşıları"nı elan etməklə də illəri yola verib.
"Əgər AFFA bizə bir qəpik pul veribsə, mən nəinki AİJF-dən, tamamilə idman mediasından gedəcəyimə söz verirəm”
- Eldar İsmayılov AFFA-nın AİJF-yə maliyyə ayırdığını deyir. Bu, belədir?
- İndiyədək bizə Gənclər və İdman Nazirliyi dəstək olub. Hörmətli Eldar müəllim deyir ki, AFFA bizə pul verib. 8 mart ərəfəsində xanım idman jurnalistlərini AFFA-nın dəstəyi ilə mükafatlandırdığımızı iddia edir. Ağ yalandır! Həmin tədbiri Gənclər və İdman Nazirliyinin dəstəyi ilə nazirlikdə təşkil etmişdik. Hətta tədbir üçün gülləri Sənan Şəfizadə öz hesabına alıb gətirmişdi.
Eldar müəllim gəlsin istənilən qurumun vasitəsilə araşdıraq, əgər bu günədək AFFA bizə bir qəpik pul veribsə, mən nəinki AİJF-dən, tamamilə idman mediasından gedəcəyimə söz verirəm. Əgər dediyi sübut olunmasa, o AİJA-dan getsin, heç olmasa bundan sonra idman jurnalistlərinə yol açsın. Getsin öz məhkəmə biznesi ilə məşğul olsun. Şəxsən mən o yaşda olsaydım, hörmətli şəkildə getməyə çalışardım. Münaqişə yaradıb özümü nüfuzdan salmazdım. AİJF yaranandan bəri, mətbuatda və ya sosial şəbəkələrdə Eldar müəllim haqda bir kəlmə də yazmamışam. AİJF öz yolunu tutub və idman mediası üçün bacardığını etməyə çalışır.
- "Sportsmen" jurnalı artıq AİJA ilə yox, AİJF ilə əməkdaşlıq edir. Jurnalın baş redaktoru Rəşad Qəmərşahoğluna "Zəfər" mükafatını ya AİJA ilə, ya da bizimlə işləsin" deyə tələb qoyulubmu?
- "Sportsmen” jurnalı hər ilin yanvarında nazirliyin də dəstəyi ilə "Zəfər” mükafatları təqdim edir. Eldar müəllim o vaxt Rəşad Qəmərşahoğluna deyib ki, mükafata mənim də imzamı əlavə elə. O da razılaşıb. Eldar müəllimin bir rolapı var, harda tədbir oldu aparıb orda yerləşdirir, şəkillər çəkdirir və deyir ki, AİJA-nın tədbiridir. "Sportsmen” jurnalının təşkil etdiyi o tədbirə heç bir dəstəyi olmayıb. Amma hər dəfə də tədbirin təşkilatçısı kimi özünü qeyd edir.
Biz AİJF-ni elan edən kimi, Eldar İsmayılov AİPS prezidenti Canni Merlonu Rəşad müəllimin vasitəsilə Bakıya dəvət eləmişdi ki, ona "Sportsmen” jurnalının təsis etdiyi "Zəfər” mükafatını versin, həm də hamıya göstərsin ki, baxın AİPS prezidenti Bakıda qonağımdır və məni dəstəkləyir. Amma ötən il yanvarın 11-də Merlo ona yox, mənə yazdı ki, Qabil bu nə məsələdir? Mən də yazdım ki, Eldar İsmayılova mənəvi dəstəyin lazımdı. Cavab verdi ki, vaxtım yoxdur, gələ bilmərəm. Təsəvvür edin, nazirin imzası ilə beynəlxalq təşkilatın rəhbərinə plaket təqdim ediləcək, amma imza sahibinin özünə bu barədə heç nə deyilməyib. Bu da Eldar müəllimin təşəbbüsü idi. Mən "Sportsmen” jurnalının baş redaktoruna zəng edib dedim ki, nazirin xəbəri olmadan onun imzası ilə beynəlxalq təşkilatın rəhbərinə mükafat verilməsi düzgün deyil. O da anlayışla qarşıladı və özü dedi ki, ümumiyyətlə, tədbir də, mükafat da mənimdir və AİJA ilə birgə tədbir eləmək istəmirəm. Sonrası da məlumdur.
"Mənim özümə də dəfələrlə təklif edib ki, pul ver səni aparım konqresə”
- Eldar müəllim qeyd etdi ki, uzun müddətdir ki, AİJA Gənclər və İdman Nazirliyindən maddi dəstək görmür. Nazirlik nə vaxtdan bu quruma maliyyə yardımı kəsib, AİJA-nın maddi qaynağı varmı?
- Bəli, tez-tez Gənclər və İdman Nazirliyini ittiham edir ki, ona dəstək olmurlar. Uzun müddət xarici ezamiyyələrə Milli Olimpiya Komitəsinin və nazirliyin dəstəyi ilə gedib. Əvəzində təşkilatı özünə borclandırıb. Bu işləri yaxşı bacarır, mühasibatlıq işlərini əla bilir. Özünün dediyinə görə, AİJA-nın sənədlər üzrə ona 500 min manata yaxın borcu var. Burada özünə və oğluna aldığı minik avtomobilləri, benzin xərcləri, hətta özünün şəxsi mobil danışıq və digər xərclərini nəzərdə tutur. Bir neçə il öncə, deyirdi ki, kim 500 min manatı versə, təşkilatı təhvil verib gedəcəm. Sonradan o məbləğ 250 minə düşdü.
İndiyədək Eldar İsmayılovdan soruşan yoxdur ki, AİJA ictimai qurumdursa, niyə 25 ildə bir dəfə də olsun ictmaiyyətə açıq şəkildə, idman jurnalistlərinin iştirakı ilə nə AİJA prezidentliyinə, nə də İcraiyyə Komitəsinə seçki olmayıb? Yalnız 2019-cu ilin dekabrında, yeni təşkilatın anonsunu eşidən kimi, yaxınlarını ətrafına toplayıb şəkil çəkdirdi və paylaşdı ki, guya 2020-2024-cü illər üçün İcraiyyə Komitəsini seçdi.
Niyə AİPS-də Azərbaycanı təmsil edən ictimai birlik kiminsə şəxsi ailə təşkilatına çevrilməlidir? 25 ildir ki, AİPS-in konqreslərində, eləcə də beynəlxalq media tədbirlərində iştirak üçün Azərbaycana pulsuz yer ayrılır. Eldar müəllim də, bu müddətdə ailə üzvlərindən, dostlarından başqa heç kimi Azərbaycan nümayəndə heyətinin üzvü olaraq konqreslərə aparmayıb. Ancaq özü, həyat yoldaşı, qızı, oğlu, ən yaxın dostları və bir də pul aldığı qeyri-jurnalistlər. Həmin insanları şəxsən tanıyıram və dəfələrlə beynəlxalq tədbirlərdə Azərbaycanın idman jurnalisti siması ilə ölkəmizi təmsil ediblər. Hətta iki il öncə, Lozanna konqresində özü səhhətinə görə gedə bilmədiyi üçün, oğlunu və onun neft sektorunda işləyən tanışını göndərib. Əlbəttə, həmin şəxsi pul qarşılığında göndərib. Mənim özümə də dəfələrlə təklif edib ki, pul ver səni aparım konqresə. Mən isə, Gənclər və İdman Nazirliyinin vəsaiti ilə, ya AİPS-in qonağı, ya da müşahidəçi qismində getməyi üstün tutmuşam. Təsəvvür edin, konqres zamanı gözümün qarşısında Azərbaycan idman jurnalistləri adından bu sahəyə aidiyyatı olmayan şəxs səs verirdi. Eləcə də, ötən il bu vaxtlar, müğənni İlqar Sahil, onun həyat yoldaşı və qızını pul qarşılığında Budapeştə dünya idman jurnalistlərinin konqresinə AİJA üzvü adı ilə aparmışdı.
"Dedim ki, bundan sonra 40 dollara ala biləcəyim karta görə 100 avro vermərəm”
- AİPS-dən söhbət açılmışkən, AİJA və AİPS-ə üzvlük haqqını ödəməməyinizlə bağlı nə deyə bilərsiniz?
- Mən uzun illərdir AİPS üzvüyəm. Hər iki ildənbir kartlar dəyişiləndə, Eldar müəllimə pul verirdim, o da kartımı sifariş edirdi. Eldar İsmayılov heç kimə pulsuz AİPS kartı sifariş etməz. Əvvəlcə 100 avro vermişdim. Sonra konqreslərdən birində müzakirə zamanı gördüm ki, sən demə kartın qiyməti bütün ölkələr üçün eyni məbləğdi – cəmi 40 dollar. Təsəvvür edin, Gürcüstan, Türkiyə, Belarus, Moldova və digər ölkələrin idman jurnalisti AİPS kartına 40 dollar ödəyir, Azərbaycan idman jurnalisti isə 100 avro. Sonradan Eldar İsmayılova iradımı bildirəndə əvvəlcə dedi ki, bəs mənim də xərclərim var. Bunu da AİJA-nın üzvlük haqqı adı ilə bağladı. Axı AİJA nə iş görür ki, məndən də üzvlük haqqı istəyir?
Mən də dedim ki, bundan sonra 40 dollara ala biləcəyim karta görə 100 avro vermərəm. Ondan sonra razılaşdıq ki, mən 50 avro ödəyim. Sonuncu dəfə mənə zəng elədi ki, bəs kartın vaxtı bitir. Mən də yolüstü banka girib 50 avro aldım və gətirib otağında stolunun üstünə qoydum ki, buyur. Dedi yox, bundan sonra sən də 100 avro ödəməlisən. Yəni endirim dövrü bitdi. Dedim onda istəmirəm. Məni hədələdi ki, onda kart ala bilməyəcəksən, AİPS üzvü də ola bilməyəcəksən. Dedim heç lazım da deyil. Sonra AİPS prezidenti Canni Merloya yazdım ki, bəs mən 40 dollara satılan AİPS kartını 100 avroya almaq istəmirəm. Yazdı ki, narahat olma, həll edərik. Konqresə gələndə götürərsən. Mən də ötən il Budapeştdə konrqresdə 40 dollarımı ödəyib həm kartımı götürdüm həm də rəsmi qəbzi. Eldar müəllim bu gün elə bilir ki, ondan 100 avroya almadığım üçün AİPS kartım yoxdur.
Sonuncu dəfə Budapeştdə məndən soruşdular ki, niyə Malta kimi balaca ölkədən 40-dan çox idman jurnalisti AİPS kartı alıb, Amma Azərbaycan kimi ölkədən cəmi 5-6 nəfər? Dedim bizdə bahadır, 100 avroya almaq idman jurnalistlərinin imkanı xaricindədir.
Güya məni Nazirlikdəki işimdən razı qaldığı üçün AİPS-ə üzv edib. Bəyəm AİPS-ə üzvlük elə çətin məsələdir? Sizi inandırım, bu gün Azərbaycanda elə insanlar var ki, idman mediasına aidiyyatı yoxdur, amma cibində AİPS-in kartını gəzdirir. Yəni pulunu ver, Eldar müəllim sənə kart təşkil eləsin. İstəyirsən lap fermer və ya gülsatan ol, təki 100 avro ver.
.”Dedim, mənim başım xarab olmayıb, yalandan hökumət adından danışım”
- AİJF yaranmamışdan 3-4 ay əvvəl Avropa Təşkilatının İcraiyyə Komitəsinə üzv seçkisi olub. Siz də qatılmaq istəmisiniz, ancaq Eldar müəllim AİJA-nın işində fəallığınız olmadığınızı əsas gətirərək namizədliyinizi verməyəcəyini deyib. Ondan sonra nələr yaşandı?
- 4 il bundan öncə, Koreyada AİPS və AİPS Avropa icraiyyə komitələrinə seçkilər oldu. Əvvəlcə qitə təşkilatına, iki gün sonra isə AİPS-ə seçkilər olacaqdı. Otelin foyesində AİPS Avropanın prezidenti Yannis Daras və o vaxtkı baş katibi, indiki prezidenti Çarlz Kamenzuli mənə yaxınlaşdılar və Eldar İsmayılovla bağlı öz iradlarını bildirdilər. Dedilər ki, hər iki seçkiyə namizədliyini verib. Belə olmaz, Avropaya versin. Amma dünya təşkilatına namizədliyini geri götürsün. Səbəbini soruşdum. Dedilər dünya təşkilatının İK üzvlüyünə seçkilərdə Avropa olaraq, digər qitələrlə mübarizə aparırıq. Çalışırıq ki, Avropadan daha çox namizəd seçilsin. Eldar müəllimin isə seçilmək şansı az idi. Buna görə də, təklif etdilər ki, Avropaya özünün, beynəlxalqa isə mənim namizədliyimi versin. Hətta təminat da verdilər ki, elə olsa, şansımız çox olacaq və mənim seçilməyimə dəstək olacaqlar. Bu anda Eldar müəllim bizə yaxınlaşdı. Daras mənə dedi ki, dediklərimi ona tərcümə elə. Mən də olduğu kimi dedim və cavabında isə "Azərbaycandan yalnız mən seçilməliyəm” deyib uzaqlaşdı. Ertəsi gün Avropaya seçkidə rumına uduzan Eldar müəllim, bu dəfə günahı Moldovalı həmkarımızda gördü ki, bəs siz ona səs verməsəydiniz o məndən önə keçməyəcəkdi. Qarşı tərəfin sərt reaksiyasını görüb sakitləşdi.
AİPS İcraiyyə Komitəsinə seçkidən bir gün öncə, Eldar mənə yaxınlaşdı ki, bəs, AİPS prezidenti ilə sənin münasibətin yaxşıdır. Ona de ki, Azərbaycan Höküməti sənə tapşırıb xahiş edəsən Eldar İsmayılovun seçilməyinə kömək etsin. Dedim, mənim başım xarab olmayıb, yalandan hökumət adından danışım. Bir az sonra gördüm ki, Eldar müəllimin qızı Merloya yaxınlaşdı. AİPS prezidenti onu dinləyib başı ilə rədd cavabı verdi və nəsə dedi. Ertəsi gün də seçkilərdə Eldar müəllim yenə uduzdu və vəzində Macarıstan milli assosiasiyasının rəhbəri ağıllı taktika seçməklə, özünün qitənin, müavininin isə beynəlxalqın icraiyyə komitəsinə seçilməyinə nail oldu.
- Eldar müəllim müsahibəsində onu qeyd etdi ki, Bakıda öz hesabına tədbirlər edib, lakin nazirlik bunları görməyib. Bu barədə nə deyə bilərsiniz?
- Macar həmkarımız, AİPS Avropanın hazırkı vitse-prezidenti olan Gyorg Şölloşi iki il öncə, mənə yazdı ki, futbol üzrə Azərbaycan-Macarıstan matçına baxmaq üçün Bakıya gəlmək istəyir. Macarıstandan gələn qonağı Eldar İsmayılovla birgə hava limanından qarşıladıq. Proqrama görə səhər gəlib axşam qayıtmalı idi. Yolda hörmətli Eldar müəllim mənə dedi ki, nahar yeməyinin xərcini sən ödə, çay süfrəsini də mən təşkil edərəm. Dedim problem deyil. Hesabı da mən cibimdən ödədim, indi deyir ki, bəs tədbir eləmişəm, xərc çəkmişəm. Həmin nahar zamanı qonaq dedi ki, AİPS Avropa rəhbərliyinin mənə təklifi var. Bir il öncə vəfat etmiş, İcraiyyə Komitəsi rusiyalı üzvünün yerinə Budapeşt konqresi zamanı seçki olacaq. Onlar da mənə təklif edirdilər ki, Eldar İsmayılovu razı sal, AİJA adından özünün yox, sənin namizədliyini irəli sürsün. Mənim fəaliyyətimi neçə illərdir izlədikləri üçün seçilməyimi istəyirdilər. Həmin gün AİPS Avropa İK üzvlərindən biri mənə yazdı ki, bəs bir müddət öncə Budapeştdə İK iclası zamanı bu barədə söhbət olub və sənin seçilməyini dəstəkləmək qərarına gəlinib. Bu dediklərimizin sübutu həmin təklifi edənlərlə sonrakı yazışmalarımda da var. Hələ də inboksumda qalır. Hətta dedilər ki, Azərbaycandan sənin namizədliyin irəli sürülməsə ya portuqaliyalı ya da ingilis namizəd seçiləcək. Hətta mənə dedi ki, bu söhbəti indi yox, mən gedəndən sonra rahat danışarsan Eldar İsmayılovla.
Axşamüstü stadiona yollanmazdan öncə, Qara Qarayev tərəfdən çayxanalardan birində çay içdik. Eldar müəllimin xərc çəkib tədbir elədim, dediyi elə o çay içmək idi. Tədbir adı ilə AZTV-ni də dəvət elədi ora. Macarıstandan oyunu işıqlandırmaq üçün gəlmiş digər jurnalistləri də bizim 2-3 idman jurnalisti ilə tanışlıq üçün dəvət etdik. Birlikdə çay içib söhbət etdik. Eldar İsmayılov da bunu AİJA-nın tədbiri kimi qələmə verdi.
Sonra qonağı stadiona apardım, oyuna baxdıq. Ertəsi gün mən Azərbaycan Nəşriyyatında ofis qonşum olan Eldar İsmayılova həmin təklifi deyəndə, qızardı və dedi ki, hələ gözlə mən təşkilatın bəhrəsini görüm, mən olmayanda seçilərsən. 25 ildir bəhrəsini görən insana 25 il də gözləmək lazım gəldiyini anladım. Halbuki, mənə təsir edən, bu insanın mənəmliyi üzündən Azərbaycanın daha 4 il AİPS İcraiyyə Komitəsində təmsil olunmaması oldu. Şəxsən mənim üçün fərqi yoxdur, kim seçilir: Eldar, Qabil və ya başqası. Əsas odur ki, orda azərbaycanlı olsun.
AİPS Avropa İK-də boş qalan bir yerə ötən ilin fevralında Budapeşdə seçki zamanı 4 namizəd var idi. Bunlardan biri də Eldar müəllim idi. Rəqibləri 16-18 səs topladığı halda, bu cəmi 4 səs topladı ki, bu səslərin də birini özü, digərini isə mənim yanımda əyləşmiş gürcü dostumuz verdi.
"Sonuncu dəfə yanvarın 9-da doğum günündə danışmışam”
- Qabil müəllim, AİJA və baş redaktoru olduğunuz olduğunuz "İdman" qəzetinin redaksiyası eyni binada yerləşir. Son bir ildə bu qədər hadisələr cərəyan etdiyi vaxtda üz-üzə gəlmisinizmi, bunlar haqda söhbətiniz olubmu?
- Sonuncu dəfə yanvarın 9-da doğum günündə danışmışam. Təbrik üçün zəng elədim, 25 dəqiqə gileyləndi. Axırda da qayıtdı ki, sən kömək elə, Nazirlik təqdimatımı versin prezident təqaüdünə AİJA-nı təhvil verim, özüm də fəxri prezident qalım. Dedim, mən bu xahişini rəhbərliyə çatdıraram. Eldar müəllim ağsaqqal yaşdadır. İstərdim gedəcəksə, gedişi öz ürəyincə olsun. Bundan öncə də, bir neçə dəfə Azərbaycan Nəşriyyatının həyətində rastlaşmışıq, söhbət etmişik.
Eldar müəllim deyir ki, AİJF yaranandan ona dəfələrlə söz atmışıq, arxasınca danışmışıq. Tapsın göstərsin, hardasa bircə dəfə onların əleyhinə söz işlətmişəmsə. Daim özü qıcıqlanıb, əleyhimə danışıb, yazıb. Rastlaşanda da deyib ki, sənin xətrini çox istəyirəm. Sosial şəbəkələrdə əleyhimə yazdıqlarını göstərə də bilərəm. Amma müsahibəsində deyir ki, guya biz yazmışıq, o susub. Halbuki, tam əksinədir. Yaşlı insandır deyə, fikir verməmişəm. O yaşda insanla mübahisə etməyim də düzgün deyil.
- AİJA-nın vitse-prezidenti Natiq Nəsirov da müsahibələrində AİJF-nın idman mətbuatını ikiyə parçalaması ilə bağlı fikirlər səsləndirib. Onun haqqınızda dediklərinə cavabınız varmı?
- Yaxşı yadımdadı, həmin müsahibəsindən bir neçə gün sonra Natiq yanıma gəldi və özünə də dedim ki, danışdıqların qərəzlidir, heç bir fakta əsaslanmır. 3-4 saat danışdıq, başa salmağa çalışdım ki, müsahibə verəndə bir nəfərin fikirlərini soruşub ifadə etməyin düzgün deyil. Bəzi məsələləri ona dedim və qayıtdı ki, bəs Eldar müəllimin əməllərindən xəbərsizmiş. Guya onunla danışacaq və idman mediası naminə iki təşkilatın bir araya gəlməsi üçün təkliflər hazırlayacaqdı. Özünü mənim yanımda obyektiv insan kimi qələmə verdi. Ertəsi günü nəşriyyatın həyətində Eldar qarşıma çıxdı və dedi ki, bəs Natiqə heç nə öyrətməmişəm, natamam öyrənib, özündən danışıb. İndi baxıram ki, Natiqi özünə vitse-prezident edib. Parçalanmaq məsələsinə gəlincə, AİJF yarananadək idman mətbuatımız parçalanmaq yox, məhv olmaq üzrə idi. Əksinə, biz hamını birləşdirməyə çalışırıq. Ötən il fevralın 20-də idman jurnalistlərinin ilk respublika toplantısını etdik. 100-dən çox idman jurnalistini bir yerə topladıq, prolemləri müzakirə etdik. Hətta təklif olundu ki, 20 fevral Azərbaycanda idman jurnalistlərinin günü olsun.
AİJF yarananadək problemləri gündəmə gətirəcək bir qurum yox idi. İndi bizim sayəmizdə məlum oldu ki, 25 illik AİJA da varmış. Olsun, təki AİJA da idman jurnalistikamız üçün nəsə etsin. Əgər idman mediamız üçün bir faydası olacaqsa, qoy Eldar müəllim hər gün məni tənqid eləsin, amma böhtan atmasın.
"Bununla da özü etiraf edir ki, 25 ildir rəhbərlik etdiyi sahədə uğursuz fəaliyyət göstərib”
- AİJA prezidentinin fikrincə, idman mediasında klanlaşma var, çalışanların 90 %-i isə həvəskar şəxslərdir. AİJF prezidenti olaraq, siz idman mətbuatının hazırki vəziyyətini necə qiymətləndirirsiniz?
- Bu gün Azərbaycan idman mediasında problemlər var. Lakin bu sahədə yetərincə istedadlı, savadlı və işini sevən jurnalistlərimiz var. Sadəcə onların maliyyə, təşkilatlanma, redaksiyalaşma və digər problemləri var. Bu problemləri həll etmək isə idman jurnalistlərimizin yox, bizim kimi təşkilatların işidir. Biz dövlətin, digər strukturların diqqətini idman mediasının problemlərinə cəlb etməliyik. Yoxsa idman mediasını klanlaşmada, həvəskarlıqda ittiham etməklə onların olan-qalan ümidini, həvəsini də öldürməməliyik. İdman jurnalistikasının bərbad gündə olduğunu, həvəskar adamlardan ibarət klanlaşanlar olduğunu vurğulayan Eldar müəllim, bununla da özü etiraf edir ki, 25 ildir rəhbərlik etdiyi sahədə uğursuz fəaliyyət göstərib. Heç nə edə bilməyib. Yoxsa, kimsə təklif versin, tədbir təşkil eləsin və bunu da AİJA-nın adına yazmaqla iş düzəlmir.
AİPS-in Azərbaycanda təmsilçisiyəm, deməklə də iş düzəlmir. Yeri gəlmişkən, bir məsələni də qeyd edim ki, dünyanın heç bir ölkəsində AİPS-in adından saxtakarlıq edilmir. AİPS Azərbaycan deyə bir qurum yoxdur. Nizamnamədə AİPS Azərbaycan yazılmayıb, möhürdə də yoxdu. AİPS sözü yalnız beynəlxalq və qitə qurumları üçün işlədilir. Yəni AİPS Avropa, AİPS Afrika, AİPS Asiya, AİPS Amerika. Hər ölkənin milli idman jurnalistləri assosiasiyası öz adı ilə yazılır və oxunur. Heç birinin adının qarşısında AİPS-in adı qoyulmadan. Yəni bildik, AİPS-ə üzvsən, amma təşkilatının adında AİPS sözü rəsmi olaraq yoxdur.
"AİJF-nin yaradılması qaçılmaz idi”
- Qabil müəllim, artıq AİJF -nın yaranmasından 1 il ötür. Geridə qalan bu bir ili necə qiymətləndirirsiz?
- Təşkilatı elan edəndə məqsədlərimizi açıqladıq. Əsas məramımız idman mediasının probemlərini həll etmək idi. Fevralın 20-də respublika toplantısında da illik tədbirlər planımızı elan etdik. Lakin təəssüf ki, pandemiya səbəbindən bir çox tədbirlərimizi ləğv etməli olduq. Amma ümumən, karantin rejiminə və bəzi problemlərə baxmayaraq il ərzində bir sıra tədbirlərimizi reallaşdıra bildik. Gördüyümüz işlər yanvarın 9-da illik hesabatımızda öz əksini tapdı.
- AİJA ola-ola AİJF-nı yaratmaq qütbləşmə yaratmadımı?
- Əslində ölkədə iki eyni profilli təşkilatın olmasını mən də istəməzdim. Amma AİJA-da olan məlum problemlər və 25 ildə bir dəfə də olsun hesabat verilməməsi, seçki keçirilməməsi ölkə idman jurnalistlərini narahat edirdi. İdman mediamızın sözün əsl mənasında, təşkilatlanmaya ehtiyacı var idi. Buna görə də AİJF-nin yaradılması qaçılmaz idi. Qütbləşmə yaratmadı, əksinə idman jurnalistlərimizi öz təşkilatlarının ola biləcəyinə görə sevindirdi. Sadəcə, AİJF İdarə Heyətinə özünü layiq bildiyi halda, kənarda qalan bəzi jurnalistlərimiz AİJA-ya yaxınlaşdılar. Bunu da normal qarşılayıram.
"Bacarmasaq, AİJA-nın bir tayı olacağıq”
- AİJA üzv olan jurnalistlər AİFJ da üzv ola bilərmi?
- Mən burda bir problem görmürəm. AİJA düşmən ölkənin təşkilatı deyil. Bir çox ölkələrdə ikili vətəndaşlıq olduğu halda, bizim kiməsə "başqa təşkilata üzv olma" deməyimiz düzgün olmaz. Əslində bəzi üzvlərimiz AİJA-dan bizə axın ediblər. Onlara "gedin, AİJA-dan çıxın, sonra gəlin" deməmişik.
- Həm AİJA, həm də illər öncə AFFA-nın təşəbbüsü ilə yaradılan Media Komitəsinin işindən bir çox idman jurnalistləri narazı qaldılar. Bu səbəbdən onlarda AİJF-yə qarşı da inamsızlıq, ümidsizlik var. Sizcə, AİJF bu vəziyyəti aradan qaldırıb, onların güvənini qazanmağa müvəffəq olacaqmı?
- Biz idman jurnalistlərini narahat edən problemləri aradan qaldırılmasına nail ola bilsək, onların güvənini də qazanacağıq. Hazırkı fəaliyyətimiz də buna yönəlib. Narazılıq həmişə olacaq. Hər kəsi razı salmaq düzgün deyil. Əsas məsələ odur ki, biz işimizi obyektiv quraq, özümüzün şəxsi məsələlərimizi yox, idman jurnalistlərinin ümumi problemlərini həll etməyə çalışaq. Bilirik ki, bacarsaq, idman mediasının hörmətini və güvənini qazanacağıq. Bacarmasaq, AİJA-nın bir tayı olacağıq.
"İdman mediasında problemlərdən biri də digər idman növlərindən yazan jurnalistlərin azlığıdır”
- AİJF-nin yaranması müsbətə doğru nəyi dəyişdi? Ümumiyyətlə, AİJF idman mətbuatına nə kimi köməyi olacaq? Yəni, konkret olaraq qarşınıza qoyulan hədəf nədir?
- AİJF cəmi bir ildir fəaliyyətə başlayıb. Bu müddətdə nəyisə dəyişmək mümkün deyil. Amma idman mətbuatının problemləri bizim problemələrimizdir. Köməyimiz o olacaq ki, müvafiq strukturlar qarşısında idman mediasının problemlərini qaldıracağıq. Ötən il ərzində belə addımlarımız oldu və federasiyamızın saytında və sosial şəbəkə hesablarında bu barədə məlumat verilib. Qarşımıza qoyduğumuz məqsədlər idman mediasının maliyyə problemlərini müvafiq qurumlar qarşısında qaldırmaq, kadr hazırlığı peoblemini həll etmək, çətin vəziyyətdə olan həmkarlarımızla maraqlanmaq və digər məsələlərdir.
Bu gün idman mediasında əsas problemlərdən biri də digər idman növlərindən yazan jurnalistlərin azlığıdır. Daha çox futbola maraq və axın var. Bu da təbiidir. Həm maliyyələşmə, həm də oxucu marağı bunu diqtə edir. Futbol jurnalistikasına qarşı deyiləm, mən özüm də 90-cı illərdə futboldan yazırdım. Amma digər idman növlərinin təbliği və informasiya təminatı da bizim üçün vacibdir. Ona görə də AİJF olaraq bu məsələ də gündəmimizdədir.
"AİJA-nın nöqsanlarını əsas gətirib müracət edə bilərdik”
- Dünya və Avropa Təşkilatının AİJF-yə qarşı münasibəti necədir?
- Düzü, AİPS və AİPS Avropa rəhbərlərinə AİJF-nin təsis ediləcəyi barədə əvvəlcədən məlumat vermişdim. Təşkilatı yaradanda da onlar qeyri-rəsmi olaraq məni təbrik etdilər. Amma dünya praktikasında hər ölkədən yalnız bir təşkilat beynəlxalq quruma üzv ola bilər. AİJF-ni üzv etmək üçün hansısa addım ata bilərdik. AİJA-nın nöqsanlarını əsas gətirib müracət edə bilərdik, ordan nümayəndə gəlib araşdıra bilərdi. Lakin biz ölkəmizin adına xələl gətirməmək, qalmaqal yaratmamaq üçün buna getməyə ehtiyac görmədik. AİPS üzvü olaraq ildə bir dəfə iki nəfərin pulsuz konqresə getməyi bizim üçün prioritet məsələ deyil. Amma AİJF rəhbəri olaraq AİPS, AİPS Avropa rəhbərləri, eləcə də bir çox ölkələrin milli təşkilatarının prezidentləri ilə şəxsi münasibətlərim yüksək səviyədədir.
- AİJF-ə bu təşkilatlardan nəyi örnək götürüb tətbiq edirsiniz?
- Biz əsasən, idman mediası ilə bağlı öz arzularımızı reallaşdırmağa çalışırıq. Bu da idman medasının qarşılaşdığı problemlərin həllinə nail olmaqdan ibarətdir. Öz ideyalarımızı daha məqsədəuyğun hesab edirik. Beynəlxalq təşkilatlarla da sıx əlaqələrimiz var. Onların tətbiq etdikləri yeniliklər səmərəli olacaqsa, biz də yararlanacağıq.
- AİJF da hər il "İlin qalibləri"ni seçəcəkmi, seçimlər necə aparılacaq?
- Biz məsələyə bir az başqa prizmadan yanaşırıq. Kimsə ilin ən yaxşısı seçiləndə belə çıxır ki, digərləri ilin yaxşı olmayan jurnalistləri imişlər. Başqa təşkilatlar növbə ilə hər il kimisə, ilin ən yaxşısı seçir, bu da həmişə narazılıq yaradır. Biz xüsusi mükafatlar təsis etmişik. Həmin mükafatlar il ərzində idman jurnalistlərinin yaradıcı fəaliyyətinə əsasən təqdim ediləcək. "İdman mediasının fəxri”, "İlin fəalı”, "Mirpaşa Miriyev mükafatı”, "Aqşin Kazımzadə mükafatı” və s. İstəyirik həm seçim ədalətli olsun, həm də layiqli jurnalistlər mükafatlandırılsın ki, digərləri həvəslənib növbəti ildə o mükafata layiq olmağa çalışsın. Məsələn, "Aqşin Kazıımzadə mükafatı” laureatı olacaq idman jurnalistimiz o ada layiq olmalıdır ki, medalı da fəxrlə qəbul etsin.
"AİJF-nin büdcəsi təəssüf ki, yoxdur”
- AİJF-nin büdcəsi varmı? Hansı işləri görməyə imkan verir? Qurumla əməkdaşlıq etmək istəyən real sponsorlar varmı? Planda büdcənin artırılması varmı?
- AİJF-nin büdcəsi təəssüf ki, yoxdur. Yalnız iki dəfə Gənclər və İdman Nazirliyinin xətti ilə bizə tədbirlərimizi reallaşdırmaq üçün maddi yardım göstərilib. Onu da ötən il 20 fevralda Respublika Toplantısı üçün oteldə zalın icarəsinə, 8 martda xanım idman jurnalistlərinin təbrik edilməsinə, yazı müsabiqəsinin keçirilməsinə, Mirpaşa Miriyevin 100 illiyinə həsr edilmiş "Redaktor” kitabının nəşrinə və Milli Mətbuat Günündə veteran idman jurnalistlərinə sovqat alınması və bəzi sosial tədbirlərimizə xərcləmişik. Daimi aylıq büdcəmiz olmadığı üçün onun artırılmasından da danışmaq tezdir. Ümumiyyətlə, biz işimizi şəffaf şəkildə qurmuşuq. 4 ilin tamamında hesabat-seçki konfransımızda hardan nə qədər aldığımızı və hara xərclədiyimizi hər kəs görəcək.
- Bildiyiniz kimi, idman mətbuatının ən böyük problemlərindən biri maliyyə məsələsidir. Mətbu orqanlarını reklam aldıqları klub və idman təşkilatlarından asılı vəziyyətə salır, bu da hardasa onların söz azadlığına təsir edir. Bu yöndə hansısa planlar varmı, AİJF maliyyə məsələsi ilə bağlı idman mətbuatına hər hansısa bir yöndə kömək edə bilərmi?
- Ötən il bir çox təcrübəli idman jurnalistlərimizlə bu barədə söhbətlərimiz olub. Onların da təkliflərini nəzərə alaraq İdarə Heyətində belə bir məsələ qaldırdım ki, İdman Mediası Fondu yaradaq. İdman qurumları, federasiyalar və futbol klublarına müraciət edək onlar fonda donorluq etsinlər. Biz də tam şəffaf şəkildə fonda müşahidə şurası yaradaq. Müşahidə Şurası da əsasən kənar şəxslərdən, eləcə də idman media rəhbərlərindən ibarət olsun. Bölgü əsasında idman saytları ordan maliyyələşsin. Növbəti ildə monitorinqin nəticəsinə əsasən, daha yaxşı çalışmış, inkişaf etmiş saytların aldığı məbləğ artırılsın. Bu da rəqabətə təkan versin. Burda əsas məqsəd saytların müstəqilliyinə nail olmaq, onların inkişafına kömək etmək idi. Digər tərəfdən, idman mediasında reklam məsələsi ilə bağlı da müzakirələrimiz olub. Lakin donorların bu məsələyə necə baxacağı məsələsi hələ də açıq qaldığı üçün məsələni təxirə saldıq.
Hazırda əsas məsələ Medidanın İnkişafı Agentliyi ilə danışıqlar aparmaq və verdiyimiz təkliflərin reallaşması üçün çalışmaqdır.
- Federasiyanın öz fəaliyyəti bağlı qarşınızda hər hansı plan varmı? Məsələn, 3 ildən sonra indikindən daha sayılıb-seçilən qurum olacağınıza inamınız varmı?
- 3 ildən sonra ilk hesabat-seçki konfransımız olacaq. İnanıram ki, o vaxtadək sayılıb-seçilən olmasaq belə, etimadı doğrulmuş bir təşkliata çevrilə bilərik. Əsas odur ki, çalışdığımız sahəyə hörmətlə və sevgi ilə bağlanaq. Qarşımıza qoyduğumuz məqsədə nail olmaq üçün şəxsi münasibətlərimizi kənara qoymalıyıq. Söhbət idman mediasının sabahından gedirsə, hər birimiz əlimizdən gələni etməliyik. Şəxsən mən AİJF rəhbəri olaraq nə maddi qazanc, nə də başqa məqsəd güdürəm. İdman jurnalistikasına faydam olacaqsa, yoluma davam edəcəyəm. Bu mənim üçün üçün prinsip məsələsidir.