Bu gün Autoinfo.az saytının 1 yaşı tamam olur. Sportnet.az xəbər verir ki, İdman Araşdırmalar Mərkəzinin (İAM) növbəti layihəsi 2019-cu il aprelin 25-də "Formula 1" üzrə Azərbaycan Qran-prisi ərəfəsində Autocity.az adı ilə istifadəyə verilib. Ötən il isə bu sayt Autoinfo.az-a çevrilib.
İlk gündən saytda avtomobil idmanı ("Formula 1", ralli, kartinq, motosiklet) ilə yanaşı, yol hərəkəti qaydaları və qəzalarından bəhs edən gündəlik operativ xəbərlər, müvafiq idman növləri və hadisələr üzrə multimedia materialları (fotosessiya, videolar), araşdırmalar, geniş təhlil və reportajlara yer verilib. Eyni zamanda saytın öz əməkdaşları və mütəxəssislərin fikirləri üçün bloqların yaradılıb.
Saytda Avtomobil satışı distribüterləri, maşın bazarları, ehtiyat hissələrinin satış mağazaları və digər obyektlərdən reportajlar hazırlanır, yerli və dünya avtomobil bazarındakı vəziyyətin öyrənilməsi, təhlili aparılır, məşhurlardan müsahibələr götürülür. Sürücülük vəsiqəsi almaq istəyənlər üçün test materialları, avtomobil satışına dair reklam və elanlar üçün saytda imkanlar yaradılıb.
Məqsəd Azərbaycanda avtomobil idmanı üzrə yarışları təbliğ etməklə, bu sahədə yerli idmançıların yetişməsinə dəstək olmaq, ən azı 2023-cü ilədək təşkil olunacaq "Formula 1" üzrə Azərbaycan Qran-prisini, avtomobil idmanı ilə bağlı ölkədaxili və beynəlxalq yarışları geniş işıqlandırmaq, retro və yeni avtomobil sərgiləri, yürüşlərindən reportajlar hazırlamaq, yol hərəkəti qaydaları ilə bağlı maarifləndirmə işləri aparmaq, Azərbaycanın avtomobil sektorundakı nöqsan və çatışmazlıqları üzə çıxarmaq, alqı-satqı elan və reklamlarına yer verməklə, saytı kommersiya platformasına çevirməkdir.
Qeyd edək ki, Autoinfo.az İAM-ın 7-ci ildönümü ərəfəsində ərsəyə gəlib. Qurumun təsis etdiyi Sportnet.az saytının isə mayın 15-də 7 yaşı tamamlanacaq.