Azərbaycanda hesabat-seçki konfransı keçirilməyən cəmi 6 federasiya qalıb. Sportnet.az-ın məlumatına görə, bu, əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayevin Azərbaycan Boks Federasiyasının prezidenti seçilməsindən sonra müəyyənləşib.
Azərbaycan Ağır Atletika Federasiyası - Bu federasiyanın prezidenti AZAL-ın rəhbəri Cahangir Əsgərovdur. Özü federasiyadan canını çoxdan qurtarmaq istəyir. Bu "arzu"su yəqin ki, tezliklə reallaşacaq.
Azərbaycan Atçılıq Federasiyası - Federasiya prezidenti Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevdir. Seçki keçirilsə, yəqin ki, vəzifəsində növbəti müddətə də qalacaq.
Azərbaycan Kamandan Oxatma Federasiyası - Federasiya prezidenti Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümovun qardaşı, iş adamı Şahin Mövsümovdur. Bu federasiya demək olar ki, fəaliyyətsizdir.
Azərbaycan Otüstü Xokkey Federasiyası - Federasiya prezidenti keçmiş vergilər naziri Fazil Məmmədovdur. Hazırda "Excelcior" otelinin ərazisində otüstü xokkey meydançası fəaliyyət göstərir. Otüstü xokkey yığması vaxtilə bir gecəyə çinliləri ərə verib milliləşdirməklə məşhurlaşmışdı. Həmin komanda Pekin-2008 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmağa çox yaxın olsa da, son anda bu imkanı əldən qaçırmışdı. Federasiya 10 ildən çoxdur fəaliyyətsizdir və quruma yeni prezidentin seçilməsi inandırıcı görünmür. Yəni, bu federasiyanın da Azərbaycan Qolf Federasiyası kimi ləğvi istisna deyil.
Azərbaycan Tennis Federasiyası - Federasiya prezidenti Milli Məclisin keçmiş sədri, hazırda adi deputat kimi fəaliyyət göstərən Oqtay Əsədovdur. Əsədov hələ spiker olduğu dövrdə də federasiyaya lazımınca diqqət göstərməyib. Baxmayaraq ki, uzun müddətdir futbol stadionunun yerində Bakı Tennis Akademiyası mövcuddur. Onun da postunu itirəcəyi güman olunur.
Azərbaycan Yelkənli İdman Federasiyası - Federasiya prezidenti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovdur. Bu federasiyanın Azərbaycan Milli Avarçəkmə Federasiyasına birləşdiriləcəyi deyilir.