"Rayonlar, ağıllı kənd və şəhərlər salınırsa, orada mütləq idman infrastrukturu da olacaq".
Sportnet.az xəbər verir ki, bunu "report"a açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev işğaldan azad edilmiş ərazilərdə Olimpiya İdman Kompleksləri və universal idman zallarının tikintisi bağlı danışarkən deyib.
Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapan tədbirlər planına əsasən, Olimpiya İdman Komplekslərinin tikintisi 2023-cü il, universal idman zallarının inşası isə 2024-cü ildə başlayacaq.
İsayevin sözlərinə görə, gələcəkdə orada idman tədbirlərinin keçirilməsi mümkün olacaq: "Artıq layihə var və bu istiqamətdə işlər gedir. Ümidvarıq ki, gələcəkdə dünya miqyaslı tədbirlər həmin olimpiya bazalarında təşkil olunacaq. Çünki Qarabağ artıq dünyada tanınmış yerdir. Biz həmin ərazinin daha da tanınması üçün orada idman tədbirləri də keçirməliyik".
Güləş üzrə dünya və 2 qat Avropa çempionu bildirib ki, hər bir iş mərkəzləşdirilmiş şəkildə gedir: "Cənab Prezident dəfələrlə vurğulayıb ki, idman cəmiyyətləri, klublar, Gənclər və İdman Nazirliyinin fəaliyyəti vəhdət təşkil edir. Bu, nazirliyin funksiyasında olan məsələdirsə, layihələndirmə zamanı bunun Milli Olimpiya Komitəsi ilə məsləhətləşdirilib-məsləhətləşdirilmədiyini bilmirəm. Dövlət başçımız azad olunan torpaqları qətiyyətlə bərpa edir. Dünya miqyasında göstərməliyik ki, Qarabağ bizimdir. Orada müəyyən işlər aparırıq. İnanırıq ki, azad edilmiş ərazilərdə beynəlxalq idman tədrbirləri də keçiriləcək".
"İmarət" stadionu ilə bağlı da danışan MOK rəsmisi onda yalnız statistik məlumatların olduğunu vurğulayıb: "Dəqiq informasiya yoxdur ki, sizinlə bölüşüm".