Azərbaycanın Gənclər və idman naziri, eyni zamanda Avropa Gimnastikasının (EG) prezidenti Fərid Qayıbov Türkiyə və Suriyadakı zəlzələdə vəfat edənlərin yaxınlarına başsağlığı verib.
Sportnet.az-ın məlumatına görə, EG prezidenti bu barədə qurumun rəsmi saytındakı qeydində bildirib.
Qayıbov təbii fəlakətə məruz qalan bütün insanlara ürəyinin yandığını vurğulayıb: "İl müsbət ruhda başlasa da, Türkiyə və Suriyada baş verən son faciəli zəlzələlər bizə nə qədər həssas olduğumuzu bir daha göstərir".
Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 7 108 nəfər ölüb, 40 910 nəfər yaralanıb.
Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.