Qış İdman Növləri Federasiyasının və "Şahdağ" Turizm Mərkəzinin təşkilatçılığı, Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə xizək idmanı ilə məşğul olanlar üçün ilk dəfə fristaylın "mogul" növü üzrə master-klass keçirilib.
Federasiyadan Sportnet.az-a verilən məlumata görə, təlimin keçirilməsinin məqsədi ölkədə qiş idman növlərini təşviq etmək, xizək fristaylının bu növünü tanıtmaq, yerli idmançıların və mütəxəssislərin hazırlanmasına dəstək olmaqdır.
Təlimlərdə Yaponiyadan olan olimpiyaçılar və mütəxəssislər xizəksevərlərə, həmçinin yerli xizək təlimçilərinə bu idman növünün incəliklərini və qaydalarını nümayiş etdiriblər.
Tədbirdə qonaq qismində Yaponiyanın Azərbaycanakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada da iştirak edib.
Qeyd edək ki, xizək fristaylının "mogul" növü 1988-ci ildən Qış Olimpiya Oyunlarına daxil edilib. Olimpiadada ekstremal idman sayılan fristaylın bu növündən başqa akrabatika, ski-cross, xafpayp, sloupstayl və bigeyr kimi növləri də mövcuddur.