İspaniya milli komandasının və "Barselona" klubunun sabiq futbolçusu Xavi Ernandes Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun da mübarizə apardığı Qatar Masters turnirinə qatılıb. Sportnet.az-ın məlumatına görə, hazırda Qətərin "Əl Sədd" klubunda çıxış edən 35 yaşlı yarımmüdafiəçi ilk gedişi edib.
Bu, 3-cü turda hollandiyalı Aniş Giri ilə polşalı Radoslav Voytaşek arasındakı qarşılaşmaya təsadüf edib. Həmin vaxt Məmmədyarov ABŞ təmsilçisi Aleksandr Lendermanı sınağa çəkib. Hər iki qarşılaşma ağ fiqurlarla çıxış edən şahmatçıların qələbəsi ilə yekunlaşıb.
Xavi hazırkı dünya çempionu Maqnus Karlsenlə də şahmat oynayıb. O, jurnalistlərə açıqlamasında uşaq vaxtı şahmatla məşğul olduğunu bildirib. İspaniyalı orta xətt oyunçusu futbola getdikdən sonra "lövhə arxasında oturmadığını" bildirib.
Qeyd edək ki, "Qatar Masters"də 4 turdan sonra Şəhriyar Məmmədyarov 3 xalla 10-cu pillədədir. Turnir cədvəlinə isə 3,5 xala malik Aniş Giri başçılıq edir.