
Qax şəhər stadionunun ərazisində cüdo zalı fəaliyyətə başlayıb.
Azərbaycan Cüdo Federasiyasından (ACF) Sportnet.az-a verilən məlumata görə, açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Qax Rayon İcra Hakimiyyəti başçısı Musa Şəkiliyev, ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov və digər rəsmilər iştirak ediblər.
Federasiya cüdo zalını müasir standartlara cavab verən tatamilərlə və digər zəruri avadanlıqlarla təchiz edib. Zalın fiziki hazırlıq zonasında isə cüdoçuların fiziki inkişafının təmin edilməsi üçün lazımi idman avadanlıqları yer alıb. Tataminin ümumi ölçüsü 200 kv.m sahəni əhatə edir. Zalda 150-dən çox idmançı cüdo ilə məşğul olacaq.
Azərbaycan Cüdo Federasiyasının əsas fəaliyyət istiqamətlərindən biri regionlarda cüdonun inkişafı və infrastrukturun yaxşılaşdırılmasıdır. 2022 - 2025-ci illərdə ACF Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zəngilan rayonunun Ağalı kəndi, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad və Tərtərdə cüdo zalları açılıb. Növbəti cüdo zalları isə İmişli, Şabran və Zaqatalanın Mosul kəndində fəaliyyətə başlayacaq.
Qeyd edək ki, 2022-ci ildən Bakı və regionlardakı 115 idman zalına federasiya 9500 ədədə qədər tatami verib və 1900 gənc idmançıya pulsuz məşq imkanı yaradılıb.