
“Hər zaman ən yaxşılarla döyüşmək istəmişəm. Çox güclü rəqibim var. O, TOP-5-dədir. Özümü hazır hiss edirəm”.
Sportnet.az xəbər verir ki, bunu UFC döyüşçüsü Rizvan Kuniyev Bakıda keçiriləcək turnirdən öncə təşkil olunan mətbuat konfransında deyib.
33 yaşlı rusiyalı idmançı sıralamanın yüksək pillələri barədə danışıb: “Con Cons çempion olsa da, çoxdandır döyüşmür. Bu dizivionda elədir ki, hamı nə isə gözləyir. Məncə, əsl çempion Tom Aspinelldir”.
Kuniyev Dağıstanın UFC-də yüngül çəkidə İslam Mahaçev və Həbib Nurməhəmmədov, orta çəkidə Maqomed Ankalayev kimi əfsanələrinin olduğunu xatırladıb. O, özünü də çempion olmağa hazır saydığını bildirib: "Maksimuma çatmağı hədəfləmişəm”.
Təcrübəli döyüşçü istəyinə yetişmək üçün Rusiyadan olan döyüşçülərlə də üz-üzə gəlməyə hazır olduğunu vurğulayıb: “Hər bir idmançı mənim kimi çempion olmaq istəyir. UFC onları mənə qarşı qoysa, bundan imtina etməyəcəyəm. Özləri istəsələr, imtina edərlər. Mənə mümkün qədər çoxlu döyüş lazımdır kı, özümü sübut edim".
O, döyüşünü izləməyə dostları və qohumlarının da gələcəyini açıqlayıb: "Təəssüf ki, quru sərhədlərimiz bağlıdır. Buna görə onların sayı az olacaq. Amma təyyarə ilə gələnlər də az olmayacaq. Dünyada son baş verənlərlə də bağlı uçuşlarda problemlər var".
Kuniyev artıq üçüncü dəfədir top səviyyəli döyüşçü ilə qarşılaşmasında problem görmədiyini söyləyib: "Bu döyüş 2 dəfə təxirə salınmışdı. 4 il öncə Dana Uayta yaxınlaşaraq özümü UFC üçün hazır hiss etdiyimi bildirmişdim. Ona hər ay, iki həftədən bir döyüşməyə qadir olduğumuzu demişdim. Bu rəqibə görə xoşbəxtəm. Çünki top-5-dəndir".
Qeyd edək ki, Rizvan Kuniyev ağır çəki dərəcəsində ABŞ-dan olan Körtis Bleydslə qarşılaşacaq. Bakı Kristal Zalında baş tutacaq turnir iyunun 21-də keçiriləcək.