
“Qırğızlar əsl döyüşçüdürlər. Məndən sürpriz gözləyin. Bunu iyunun 21-də sübut edəcəyəm”.
Sportnet.az xəbər verir ki, bunu UFC döyüşçüsü Mıktıbek Oralbay Bakıda keçiriləcək turnirdən öncə təşkil olunan mətbuat konfransında deyib.
27 yaşlı qırğız rəqibi Tofiq Musayevi yaxşı döyüşçü olduğunu söyləyib: “İki aydır hazırlaşırıq. Özümü hazır hiss edirəm. İstənilən ssenariyə hazıram”.
O, ixtisasca hüquqşünas olduğunu bildirib: “Universiteti bitirmişəm. Hələlik ixtisasım üzrə işləməmişəm. UFC kəmərini qazandıqdan sonra karyeramı bitirəcəyəm. Daha sonra isə hüquqşünas işləyəcəyəm”.
O, son döyüşünün sərt keçdiyini vurğulayıb: “Azarkeşlər üçün yenə sərt döyüşmək istəyirəm”.
Oralbay Tofiq Musayevlə döyüşdə qalib gəlməyə çalışacağını bildirib: “Mənim 27 yaşım var, formamım zirvəsindəyəm. Bütün bacarıqlarımı göstərməyə çalışacağam. Raundların sayı 5 olsa da sonadək döyüşəcəm. 30 yaşıma qədər kəmər sahibi olmaq istəyirəm”.
Qeyd edək ki, Mıktıbek Oralbay yüngül çəki dərəcəsində azərbaycanlı Tofiq Musayevlə qarşılaşacaq. Bakı Kristal Zalında baş tutacaq turnir iyunun 21-də keçiriləcək.