Azərbaycan yunan-Roma güləşçisi Ülvi Qənizadə karyerasında ikinci dəfə dünya çempionu olub.
Sportnet.az-ın məlumatına görə, 72 kq çəki dərəcəsində 27 yaşlı idmançı növbəti nailiyyətinə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında imza atıb.
Qənizadə final görüşündə Fransa təmsilçisi İbrahim Qanemi yenməyi bacarıb - 4:2.
Beləliklə, o, ardıcıl ikinci il dünya çempionluğuna nail olub. Daha əvvəl Azərbaycan təmsilçisi ötən il Albaniyanın paytaxtı Tiranada planetin ən güclüsü olmağı bacarıb. Qənizadənin aktivində 2023-cü ildə elə Zaqrebdə əldə etdiyi Avropa çempionluğu da var.
Daha bir medalı Murad Əhmədiyev (97 kq) qazanıb. O, Aleks Şokeyə (Macarıstan) bürünc medal görüşündə 5:3 hesabı ilə qalib gəlib. Beləliklə, Əhmədiyev Azərbaycanın aktivinə yunan-Roma güləşində 3-cü, ümumilikdə isə dünya çempionatında 7-ci medalı yazdırıb.
Nihat Məmmədli (60 kq) təsəlliverici görüşdə Ermənistan təmsilçisi Qraçya Poqosyanla görüşə daha əvvəl zədələnməsi səbəbindən çıxmayaraq, medalsız qalıb.
Bu gün mübarizəyə başlayan Azərbaycanın digər təmsilçilərinə gəldikdə, üçqat Avropa çempionu Həsrət Cəfərov (67kq) finala yüksəlib. O, ardıcıl olaraq, Neyser Marimon İdalqonu (Venesuela) və Tsuçik Şimoyadamı (Avstraliya) 9:0, 1/4 finalda Slavik Qalstyanı (Ermənistan) 4:3, yarımfinalda Razzak Beyşekeyevi (Qırğızıstan) 3:1 hesabı ilə yenib. Sentyabrın 21-də keçiriləcək həlledici görüşdə Cəfərovun rəqibi Səid Morad Esmaeli (İran) olacaq.
Murad Məmmədov (63 kq) ilk görüşündə Bayaman Kərimovu (Qırğızıstan) 8:5, ardından Kerem Kemalı (Türkiyə) 5:3 hesabı ilə yenib. 1/4 finalda Məhəmməd Mehdi Abbas Keştkara (İran) uduzan Məmmədov rəqibinin finala çıxa bilməməsi səbəbindən mübarizəni dayandırıb.
İslam Abbasov ilk görüşündə Stanislav Şafarenkonu ((UWW) 8:0 hesabı ilə üstələsə də, 1/8 finalda Asan Janişova 3:4 hesabı ilə uduzub və rəqibinin finaladək irəliləyə bilməməsi səbəbindən çıxışlarını başa vurub.
-------------------
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında bu gün Azərbaycanın son üç yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq.
Sportnet.az-ın məlumatına görə, Murad Məmmədov (63 kq) təsnifat mərhələsində Bayaman Kərimovla (Qırğızıstan), İslam Abbasov (87 kq) Stanislav Şafarenko (UWW) ilə üz-üzə gələcək.
Üçqat Avropa çempionu Həsrət Cəfərov (67kq) isə ilk dünya çempionluğundan ötrü əvvəlcə 1/16 finalda Neyser Marimon Hidalqonu (Venesuela) sınağa çəkəcək.
Bu gün dünya çempionu Ülvi Qənizadə (72 kq) final görüşündə Fransa təmsilçisi İbrahim Qanem ilə qarşılaşacaq.
Nihat Məmmədli (60 kq) təsəlliverici görüşdə Ermənistan təmsilçisi Qraçya Poqosyanla, Murad Əhmədiyev (97 kq) isə bürünc medal uğrunda qarşılaşmaq üçün rəqibini gözləyəcək.
Qeyd edək ki, indiyədək Azərbaycan millisi 4 medal qazanıb. Sərbəst güləşçilərdən Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) bürünc medal əldə edib. Yunan-Roma güləşçilərindən isə Eldəniz Əzizli (55 kq) bürünc mükafata yiyələnib.










































































